"Avrointeqrasiya kursunun həyata keçirilməsi Türkiyə vasitəsilə daha da uğurlu olacaq"
“Qarabağ müharibəsindən sonra Qərblə əməkdaşlığımız post-müharibə dövrünə uyğun olaraq reallaşdırılır”. Bunu “Şərq”ə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Analitik bildirib ki, NATO və Avropa İttifaqı ilə əməkdaşlıq və strateji cəhətdən yaxınlaşmaq kursu həyata keçirilir: “Bunun davamlı olması mütləqdir. NATO ilə əlaqələr yeni müstəviyə keçir. Prezidentin köməkçisinin bir müddət bundan əvvəl Brüsseldə NATO Baş katibi ilə görüşməsi, həmçinin Avropa İttifaqının prezidenti ilə danışıqları Azərbaycanla Qərb arasında yeni əməkdaşlıq mərhələsinin başlanmasıdır.
Avropa İttifaqı ilə çərçivə sazişinin gələn il bağlanması istisna edilmir. Post-müharibə dövründə əvvəlki siyasi yanaşmalardan imtina edilməlidir. Türkiyə ilə Şuşa Bəyannaməsinin imzalanması da NATO və Qərbin maraqlarına cavab verir. Avrointeqrasiya kursunun həyata keçirilməsi Türkiyə vasitəsilə daha da uğurlu olacaq. Qərblə əməkdaşlıq Azərbaycanın mövqeyini daha da gücləndirəcək və Rusiyanın ölkəmizə qarşı təzyiqlərini neytrallaşdıracaq”. Siyasi şərhçinin qənaətincə, Azərbaycan rəhbərliyinin Qərblə əməşdaşlığa üstünlük verdiyi aydın görünür:
“Avropa İttifaqı ilə çərçivə sazişi əlaqələrin inkişafına gətirib çıxaracaq. Ən əsası isə Rusiya Azərbaycanı öz orbitində olan təşkilatlara üzv etmək üçün ciddi cəhdlər etməyəcək”.