"Kəlbəcər və Tovuz istiqamətində müşahidə olunan atəşkəsin pozulma halları nəbz yoxlanışı ola bilər"
Son günlər Ermənistan silahlı qüvvələri tərəfindən sərhəddə atəşkəsin pozulması halları intensivləşib. Bir həftə ərzində erməni hərbçiləri tərəfindən dövlət sərhədinin Kəlbəcər və Tovuz rayonu istiqamətlərində təxribata əl atıblar. Ekspertlərin fikrincə, sabiq prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Qarabağ klanı”nın ordu içərisindəki üzvləri məqsədli surətdə sərhəddə təxribatlar törədirlər. Məqsəd seçkidə qalib olan Nikol Paşinyanı pis duruma salmaq, regional sülh proseslərini dalana dirəməkdir. Paşinyan hələ nə hökumətini, nə də parlamenti formalaşdırıb. Belə bir vəziyyətdə demakrasiya və delimitrasiya prosesinin getdiyi Kəlbəcər, Tovuz istiqamətində atəşkəsi pozmaq məntiqsizdir. Heç kəsə sirr deyil ki, bu gün Ermənistan silahlı qüvvələri daxilində “Qarabağ klanı”na məxsus zabit və əsgərlər var. Bir müddət öncə 40-a yaxın yüksək rütbəli zabitin Nikol Paşinyana hakimiyyətdən getməklə bağlı xəbərdarlıq etməsi də bunu isbat edir. Görünür, son günlər atəşkəsin pozulma halları məhz “Qarabağ klanı”na sadiq hərbiçilərin ordu daxilində özfəaliyyəti ilə əlaqədardır. Sərhəd təxribatlarında Rusiyanın, daha doğrusu, Kremldəki bəzi dairələrin də adı hallanır.
Erməni tərəfinin təxribatlarını “Şərq”ə dəyərləndirən AMİP sədri Arzuxan Əlizadə vurğulayıb ki, Kəlbəcər və Tovuz istiqamətində müşahidə olunan atəşkəsin pozulma halları nəbz yoxlanışı ola bilər. Partiya rəhbərinin sözlərinə görə, baş verənlərin kökündə Paşinyanın proseslərə tam nəzarət etməməsi məsələsi durur:
“Şübhəsiz, burada Rusiya faktoru da var. Məlum məsələdir ki, Paşinyana qarşı çıxan əsas qüvvə “Qarabağ klanı”, Koçaryan-Sarkisyan cütlüyüdür. Bu siyasi qruplaşmanın arxasındakı güc isə Moskvadır. Kremldə bəzi güclər regionun sabitliyində maraqlı deyil. Ermənistanın və bölgənin sabitlik içində olmasını erməni siyasilər içində anlayan yeganə şəxs Paşinyandır. Paşinyan yeni hökuməti qurandan sonra üzərinə götürdüyü öhdəliklərə qeyd-şərtsiz əməl etməlidir. Zəngəzur dəhlizinin açılmasından tutmuş digər regional kommunikasiyaların bərpası və sərhəd zolağının müəyyən olunmasına qədər İrəvan hakimiyyətinin həll etmək məcburiyyətində olduğu ciddi məsələlər var. Yalnız bundan sonra Azərbaycanla hər hansı məsələnin müzakirəsindən söhbət gedə bilər. Təxribata əl atanların əsas məqsədi bu prosesi yubatmaqdır. 10 noyabr Bəyannaməsi sonadək icra olunmayıb. Ermənistanda seçki dönəmi olduğuna görə, rəsmi Bakı gözləmə mövqeyində idi. Ancaq yaxın günlərdə erməni tərəfində müsbətə doğru dəyişiklik olmazsa, Azərbaycan fərqli addımlar atmalı olacaq. İstənilən halda erməni silahlı qüvvələri təxribatlara görə cavab verəcəklər. Amma bu cür təxribatlarla öz məqsədlərinə nail ola bilməyəcəklər”.