Kreml üçtərəfli bəyanatın icrasında maraqlıdır: “Qərbin bölgəyə gəlişini...”

Antalya şəhərində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında görüş keçirilib. Tərəflər iki ölkə arasındakı əlaqələri və beynəlxalq gündəmin aktual məsələlərini müzakirə ediblər. Belə ki, XİN başçıları əməkdaşlığın inkişafını, təhlükəsiz turizm məsələlərini, “Sputnik V” vaksininin Türkiyədə tətbiqini, Suriya və Liviya durumu nəzərdən keçiriblər. Tərəflər, həmçinin Cənubi Qafqazda, xüsusilə də Qarbağdakı vəziyyəti müzakirə ediblər. Siyasi analititik Asif Nərimanlı sözügedən görüş barədə “Sherg.az”ın suallarını cavablandırdı:

-Dialoqun məhz indiki məqamda baş tutması nəı ilə bağlıdır?

-Əslində bu, gözlənilən idi. Məlum olduğu kimi, bu günlərdə dövlət başçısı İlham Əliyev rusiyalı həmları Vladimir Putinə zəng etmişdi. Tərəflər üçtərəfli bəyanatın icrasını müzakirə etmişdilər. Ardınca Putinlə Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığı oldu. Ardınca isə Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan danışdılar. Görünür, artıq siyasi iradə var. Çavuşoğlu ilə Lavrov arasındakı görüş dövlət başçısının başlatdığı zəng trafikinin davamıdır.

-Moskvanın indiki proseslərdəki mövqeyi nədən ibarətdir?

-Kreml Qərbin bölgəyə gəlişini istəmədiyinə görə üçtərəfli bəyanatın şərtlərinin sürətli icrasında maraqlıdır. Həmin müddəalardan biri də erməni qoşunlarının Qarabağdan çıxarılmasıdır. Bu, şimal qonşumuzu narahat edir. Çünki proses reallaşsa, Qarabağdakı mövcudluğu azalacaq. Odur ki, başqa variantlar axtarır. Fikrimcə, Lavrov bu məsələni də gündəmə gətirib. Amma başqa məqamlar da var.

-Hansılar?

-Çox güman, Şuşa Bəyannaməsinin şərtləri barədə danışılacaq. Eyni zamanda Ağdamdakı Monitorinq Mərkəzinin fəaliyyətinin və Türkiyənin buradakı hərbi kontingentinin artırılmasının müzakirə olunduğunu da istisna etmirəm.

-Putin bildirib ki, kimsə Qarabağda konfliktin yaranmasında maraqlı deyil. Dediklərinizə əsaslansaq, onun bu açıqlaması nə qədər səmimidir?

-Əlbəttə, Kreml rəhbərliyinin məhz indiki məqamda bu bəyanatı səsləndirməsi diqqət çəkir. Dediyim kimi, Putin Qərbin, o cümlədən Bayden administrasiyasının bölgədəki təsir gücünün artmasından narahatdır. Kreml rəhbərliyi bu açıqlama ilə Qərbə mesaj verdi ki, özümüz məsələni həll etmişik. Azərbaycan və Türkiyəyə ismarıcı isə bu məsələdə alternativ tərəfə ehtiyac olmadığını çatdırmaqdır. Onu da deyim ki, bu, Şuşa Bəyannaməsindən sonra regiondakı güc balansının Bakı və Ankaranın xeyrinə dəyişdiyinə işarədir.