Ermənistan çöküb: Dövlət borcu idarəolunmaz həddə...

Ermənistanın maliyyə naziri Atom Cancuqazyan parlamentdəki çıxışı zamanı dövlət borcunun nominal və nisbi həcmi idarə olunacaq həddi keçdiyini deyib. O,  bildirib ki, Ermənistanın borcu 7,969 milyard ABŞ dollarına çatıb. Nazirin  sözlərinə görə, 5,593 milyard dollar hökumətin xarici borcudur. Bu borcun qeyri-rezidentlərdən olması və əsasən valyuta ilə əks olunması risk yaradır. Yəni Cancuqazyan əslində ölkəsinin borc içində batdığını etiraf edib. Maraqlıdır, revanşist iddialarla çıxış edən siyasətçilərin bundan xəbəri oldumu?

 ReAl partiyasının sədr müavini, iqtisadçı-ekspert Natiq Cəfərli “Sherg.az”a açıqlamasında mövcud vəziyyəti təhlil etdi: 

“Dünyada xarici borcun Ümumi Daxili Məhsulun (ÜDM) 60 faizini keçməsi vəziyyətin təhlükəli olduğunu göstərir. Ermənistanda isə bu borc 80 faizə qədərdir. Deməli, bu ölkə iqtisadiyyatı kifayət qədər zəifləyib. Vəziyyət tədricən daha da pisləşəcək. Bu, düşmənə siqnal olmalıdır”.

 N.Cəfərli revanşistləri “qış yuxusundan oyanmağa” dəvət etdi:

“Təəssüf ki, Ermənistan cəmiyyətinin 30-40 faizi qisasçıdır. Bu sifarişə cavab verən siyasətçilər də var. Lakin ölkədəki sosial-iqtisadi vəziyyət, habelə qonşularla olan münasibət revanş cəhdlərini İrəvan üçün fəlakətə çevirə bilər. Məsələ ondan ibarətdir ki, Ermənistanın hətta müttəfiqi və ən yaxın  müdafiəçisi Rusiya ilə də fikir ayrılığı var. Məhz bu nöqteyi-nəzərdən düşmənin nəyəsə cəhd edəcəyinə inanmıram. Əksinə, sülh və əməkdaşlıq istəyənlərin sayı tədricən artacaq. Beləliklə, qonşu ölkələrlə normal münasibətlər formalaşacaq. Ümumiyyətlə, Ermənistan iqtisadi böhrandan çıxmaq üçün Azərbaycanın ərazi bütövlüyünü tanımalı, kommunikasiya xətlərinin açılmasına razı olmalı və normal iqtisadi əlaqələr yaratmalıdır. Əks halda, rəsmi İrəvan üçün çox çətin vəziyyət yaranacaq”.