Ermənistanda daxili siyasi vəziyyət hələ ki, stabil deyil. Paşinyan iqtidarını bərpa etdikdən sonra Tovuz və Kəlbəcər istiqamətlərində atəşkəsin pozulması ciddi proseslərin xəbərçisi kimi qiymətləndirilir. Ola bilsin, Paşinyan “yerini möhkəmləndirdiyini” görüb yenə “şıltaqlıq edir”. Hərçənd bunun Rusiyanın planı və revanşistlərin həmləsi olduğu da istisna deyil.
Politoloq Sədrəddin Soltan baş verənlər barədə “Sherg.az”a danışdı:
“Moskva sərhəddə vəziyyətin gərginləşməsində maraqlıdır. Bildiyiniz kimi, saxlanılan erməni terrorçuları onların Azərbaycan ərazisinə keçməsinə sülhməramlıların kömək etdiyini demişdilər. Deməli, ruslar təxribat törədiblər. Kremlin istədiyi sərhəddəki rus hərbçilərinin sayını artırmaqdır. Məhz bu məqsədlə gərginlik yaradılır”.
S.Soltan, həmçinin daxili siyasi durumla bağlı da fikirlərini bölüşdü:
“Ermənistanda baş verənlərdə Rusiyanın əli var. Seçkilərdən sonra keçmiş prezident Robert Köçəryan barədə məhkəmə prosesi bərpa edildi. Hazırda hansısa hakimiyyət dəyişikliyi mümkün deyil. Əks halda “sponsor ölkələr” indiyədək bunu edərdilər. Görünür, onlar sabitlikdə maraqlıdırlar”.