“Azərbaycan Türkiyə və Pakistan əlaqələri genişlənəcək”

“Bu, təhlükəsizliklə yanaşı, iqtisadi, mədəni və təhsil sektorunda da özünü göstərəcək”

Pakistan Prezidenti Arif Alvi Azərbaycanla ticarət və iqtisadi əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulayıb. Bu barədə Pakistanın “National Herald Tribune” qəzeti xəbər yayıb. Pakistandakı missiyasını başa vuran Azərbaycan səfiri Əli Əlizadəni qəbul edən Alvi bildirib ki, ikitərəfli əməkdaşlıq müxtəlif sahələrdə genişləndirilməlidir.

O, Pakistanın Azərbaycanla ikitərəfli əlaqələrini, xüsusilə ticarət, enerji, müdafiə, mədəniyyət və turizm sahələrində daha da gücləndirmək istədiyini qeyd edib. Alvi hər iki ölkənin ortaq dini dəyərləri, mədəniyyəti, eyni zamanda regional və beynəlxalq vəziyyətə bənzər baxışı olduğuna görə Pakistanın Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verdiyini vurğulayıb. Pakistan Prezidenti həmçinin Qarabağda işğal olunmuş torpaqların azad edilməsi münasibətilə Azərbaycan səfirini təbrik edib.



Millət vəkili, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə tərəflər arasındakı əlaqələr barədə “Sherg.az”a danışdı:

“İki ölkə arasında dostluq, qardaşlıq münasibətləri var. Pakistan həmişə bizə mənəvi-siyasi dəstək göstərib. Silahlı qüvvələrimizin birgə təlimləri keçiriləcək. Həmçinin geniş iqtisadi əlaqələrimiz də danılmazdır. Fikrimcə, gələcəkdə Azərbaycan Türkiyə və Pakistan əlaqələri daha da genişlənəcək. Bu, təhlükəsizliklə yanaşı, iqtisadi, mədəni və təhsil sektorunda da özünü göstərəcək”.