ABŞ Əfqanıstandan çıxdı, Rusiyanın çətin günləri başlayır
Kremlin Taliban kimi gücə qarşı duracaq nə maliyyəsi, nə də imkanı var
ABŞ və NATO qüvvələri Əfqanıstanın ən böyük aviabazasından çıxıb. Birləşmiş Ştatlar və NATO qüvvələri Əfqanıstanın Baqram (Pərvan vilayəti) aviabazasını tərk edib. Bu barədə məlumatı Pentaqon yayıb. "Bütün koalisiya qüvvələri Baqramı tərk etdilər", - deyə Pentaqon nümayəndəsi bildirib. O, qoşunların bazanı konkret olaraq nə vaxt tərk etdiyini açıqlamayıb. Pentaqon rəsmisi eyni zamanda bazanın Əfqanıstan Silahlı Qüvvələrinə nə vaxt qaytarılacağına da aydınlıq gətirməyib.
Mövzu ilə bağlı suallarımızı cavablandıran BAXCP sədrinin müavini, politoloq Azər Qasımov "Şərq"ə açıqlamasında deyib ki, Amerikanın Əfqanıstandan çıxması ilə Rusiyanın çətin günləri başlayacaq. Ekspert qeyd edib ki, Əfqanıstanı tərketmə əməliyyatı Amerikanın planlaşdırdığı oyundur:
"Amerika Talibanla danışıqları başa vurduqdan sonra Əfqanıstandan çıxmağa başladı. Artıq Taliban Əfqanıstanın 90 faizini ələ keçirdiyini açıqlayıb və tezliklə bütün əraziləri ələ keçirəcək. Bundan sonra Taliban İslam xilafəti quracaq, dünyada nə qədər terrorçu, quldur, başkəsən varsa hamısı ora yığılacaq, əgər çoxdan yığılmayıbsa. Amerikanın Əfqan hakimiyyətinə verdiyi bütün silahlar da taliblərin əlinə keçib. Rusiyanın və KTMT-nin qara günləri başlayacaq.
Ona başa salacaqlar ki, Ukrayna və digər əraziləri işğal etmək necə olur. Taliblərin Rusiyanın Ryazan şəhərinə kimi gəlmək planları var. Talibanın tələbə hərəkatı olduğunu və Taliban sözünün tələbə demək olduğunu qeyd etmək istəyirəm. Onlar 80-ci illərdə sovet işğalından qaçıb Pakistana gedən uşaqların Amerika və Səudiyyə Ərəbistanının varlı ailələrinin maliyyəsi ilə mədrəsələrdə Vəhabi təriqəti ruhunda böyüyüb, Pakistan İdarələrarası kəşfiyyat (İK) təşkilatının nəzarəti və idarəetməsində olan bir təşkilatdır.
Sonralar bu təşkilat çox böyüyür və onun alt orqanlarının əməkdaşları Talibanla o qədər yaxın olur ki, artıq Pakistan hakimiyyəti də onlardan çəkinir. Və onların idarəsindən demək olar ki, çıxır.
Artıq Taliban nəinki Pakistanda və Əfqanıstanda, eləcə də, onların yatmış hücrələri İran, Qırğızıstan, Tacikistan və s. ölkələrdə də var. Türkiyənin Əfqanıstanda rolu sadəcə yumşaq güc şəklində, yəni yardım, quruculuq, lojistika, tədris, səhiyyə və bu kimi sahələri əhatə etməlidir indi olduğu kimi".
A.Qasımov qeyd edib ki, Taliban Rusiya üçün sonun başlanğıcının hazırlanmasına zəmin yaradacaq:
"Rusiyanın bu gücə qarşı duracaq nə maliyyəsi, nə də sona kimi imkanı var. Xüsusən də, nəzərə alsaq ki, Amerika Talibanı dəstəkləyir ".