Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin dəvəti ilə ölkədəki xarici dövlətlərin səfirləri Şuşaya səfər etdilər. Türkiyə, Pakistan, İtaliya, Avstriya, İsveç, Polşa, İsrail, Çin, Yaponiya, Malayziya, Cənubi Koreya, Belarus, Ukrayna, Braziliya, Meksika, Səudiyyə Ərəbistanı, Qətər, Əlcəzair və digər ölkələrin səfirləri, həmçinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri də səfərdə olublar.
Səfərdə məqsəd xarici diplomatları Şuşa şəhərində həyata keçirilən bərpa və yenidənqurma işləri, Şuşa şəhərinin orijinal arxitektura üslubu və Azərbaycan xalqının milli-mədəni irsi ilə tanış etməkdir.
AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli xarici diplomatların Şuşa səfərinin əhəmiyyəti barədə fikirlərini “Sherg.az”la bölüşüb:
“Diplomatların Şuşaya gedişi kifayət qədər önəmli idi. Prezidentin xarici diplomatları Şuşaya dəvət etməsi siyasi və diplomatik bir addımdır. Bir çox ölkə nümayəndəsi səfərdə oldu və bu, “Qarabağ Azərbaycanındır” təbliğatının siyasi müstəvidə görüntüsü üçün çox vacib tədbir idi. Bu baxımdan sözügedən səfəri olduqca yüksək qiymətləndirirəm. Belə addımların davamı gəlməlidir. Ümid edirik ki, bu yaxınlarda belə səfərlər Xankəndidə də olacaq”.