Siyasətin "kirli oyunları" dəyişməlidir

Azər Qasımov: "Yeni dövrün tələbi yeni düşüncəli, siyasi mədəniyyəti, intellektual səviyyəsi yüksək olan siyasətçilərin dövrü olmalıdır"


Ötən gün Milli Məclisin keçirilən iclasında deputat Razi Nurullayev maraqlı fikir səsləndirib. Deputat təklif edib ki, yeni siyasi qüvvələr güclənməli və siyasi mədəniyyət formalaşmalıdır. O həmçinin diqqətə çatdırıb ki, bu günləri  bütün dünyada hər kəs güclə, intellektlə, məntiqlə hesablaşır. Deputat indi intellekt və siyasi mədəniyyət zamanı olduğunu vurğulayıb.

Təkliflə bağlı fikirlərini "Şərq"ə dəyərləndirən BAXCP sədrinin müavini, politoloq Azər Qasımov deyib ki, ölkədə uzun illər mövcud olan siyasi mədəniyyət hər zaman daha yaxşı olmasını arzu etdiyimiz formada olub:

"Siyasətçi olmaq əksər hallarda şəxsi mənafe və maddiyyat baxımından gəlir mənbəyi hesab edilib. Belə olan halda da siyasi mədəniyyət anlayışı qarşılıqlı maraqların toqquşması nəticəsində həddən artıq aşağı səviyyəyə düşüb. Belə siyasətçi hesab olunan insanlar siyasətin "kirli oyunlar" olduğu gerçəyinə özlərini o qədər inandırıblar ki, bunu özlərinə sanki peşə seçiblər. Təbii ki, siyasətçilərin hamısına bunu şamil etmək olmaz. Siyasətçilər arasında kifayət qədər dövlətə, xalqa bağlı insanlar da vardır. Yeni dövrün tələbi yeni düşüncəli, siyasi mədəniyyəti, intellektual səviyyəsi yüksək olan siyasətçilərin dövrü olmalıdır. Deputat Razi Nurullayevin fikri ilə tamamilə razıyam. Hesab edirəm ki, istər yeni, istərsə də uzun illər siyasətlə məşğul olan siyasətçilər zamanın tələbinə uyğunlaşmağı bacarmalıdırlar. Bu, onların siyasi əqidəsinin dəyişməsi kimi başa düşülməməlidir". 

A.Qasımov əlavə edib ki, zamanın tələbi əgər siyasi mədəniyyət, intellekt yüksəkliyi tələb edirsə, siyasətçi bu keyfiyyətlərini korrektə etməyi bacarmalıdır:

"Bunu bacaran siyasətçi hesab edirəm ki, xalqın nəzərində hər zaman yüksək mövqedə olacaqdır. Siyasətçi öz fəaliyyəti ilə xalqa mesaj verməlidir ki, o, daim inkişafdadır. Əks halda belə mesajı verə bilmirsə, siyasətdən getməlidir. Yeni fikirli siyasi qüvvələrə həqiqətən də dövlətin və xalqın ehtiyacı var".