Azərbaycanın Qarabağ müharibəsində qazandığı zəfər, şübhəsiz ki, asan başa gəlmədi. Bu qələbədə hərbçilərimiz qədər, diplomatik əlaqələrimizin də rolu oldu. Xüsusilə 2019-cu ildən sədrlik etdiyimiz Qoşulmama Hərəkatının dəstəyini aydın hiss etdik. Sözügedən beynəlxalq təsisatın ayrı-ayrı vaxtlarda verdiyi bəyanatlar bunu təsdiqləyir.
BDU-nun müəllimi, beynəlxalq münasibətlər üzrə ekspert Sultan Zahidov Qoşulmama Hərəkatının zəfərimizdəki rolu barədə fikirlərini “Sherg.az”la bölüşdü:
“Bu qurum bizə siyasi prizmadan dəstək verən beynəlxalq təsisatlardan biri idi. Hələ 2019-cu ildə Bakıda keçirilən Zirvə toplantısı zamanı Azərbaycan öz haqlı mövqeyini üzv ölkələrin diqqətinə çatdırmışdı. Həmin zamandan bu yana rəsmi Bakı siyasi dəsətək qazandı.
Nəzərinizə çatdırım ki, dövlətimiz əleyhinə bəzi sənədlərin qəbul olunmamasında da Qoşulmama Hərəkatının mühüm rolu oldu. Belə ki, müharibə davam edən vaxt- oktyabrın 19-da BMT Təhlükəsizlik Şurası əvvəlki sənədlərə istinad etməyən, rəsmi Bakının maraqlarına zidd bəyanat layihəsi hazırladı.
Məhz Qoşulmama Hərəkatının, o cümlədən İndoneziya, Tunis, CAR kimi dövlətlərin etirazı nəticəsində məkrli plan baş tutmadı. Bir sözlə, ümumilikdə Qoşulmama Hərəkatı və onun ayrı-ayrı üzvləri, o cümlədən İndoneziya bizə beynəlxalq siyasi dəstəyi təmin etdilər. Əlbəttə, bu, heç də təsadüfi deyildi.
Çünki Azərbaycan Ermənistandan fərqli olaraq həmişə Qoşulmama Hərəkatının prinsiplərinə hörmətlə yanaşıb və həmin müddəalara sadiq qalıb”.