Məlum olduğu kimi, müharibə bitəndən sonra minalı ərazilərin xəritəsinin əldə olunması dövlətimizin əsas prioritetinə çevrildi. Ola bilsin ki, bu məsələdə Rusiya və Ermənistan guya bizimlə empatiya qurmağa çalışdıqlarını, sabitlikdə maraqlı olduqlarını desinlər. Əslində isə Azərbaycan, Rusiya və Ermənistanın maraqları fərqlidir. Rəsmi Bakı xəritələrin alınmasında nə qədər maraqlıdırsa, Moskva bütün imkanları ilə bu prosesi ləngitməyə çalışır. Çünki Kremlin regiondakı mövcudluğu analoji "düyün"lər, o cümlədən haqqında danışdığımız minalı ərazilərin xəritəsi hesabına qorunur. Şimal qonşumuz yaxşı anlayır ki, məsələ həll edilsə daha ona ehtiyac xeyli azalacaq. Rusiya əməldə olmasa da, sözdə vasitəçidir. Və, deməli, tərəflər arasındakı konfliktlərdə "baş hakim"dir. Hərçənd ondan heç "yan xətt" hakimi də olmaz...
Kimsəyə sirr deyil ki, Ermənistan Rusiyanın təsiri altında fəaliyyət göstərir. Yəni hara desələr, orada da "sürəcək". Əlbəttə, ola bilsin, bu, Paşinyan hakimiyətinin ürəyincə deyil. Fəqət, "zənciri" Moskvanın əlindədir. Kreml həmin "zənciri" buraxsa nələrin olacağı isə Ermənistana yaxşı məlumdur. Yəni əslində rəsmi İrəvan mövcud durumdan razıdır. Hətta arabir "şıltaqlıq" edib, Qərbə meyillənsə də, bu, çox çəkmir. Çünki həmin anlarda "zəncir" dartılır və Ermənistan iqtidarı "boğulur". Bununla belə, bəzi məqamlarda İrəvanla Moskvanın bəyanatlarının, fəaliyyətlərinin üst- üstə düşməməsi təəccübli deyil. Çünki hazırda Paşinyanın ən böyük düşməni məhz özününkülər- daxildəki revanşistlərdir. Və onların, xüsusilə keçmiş prezident Robert Köçəryanın əlində hələ də müəyyən təsir imkanları var. Şübhəsiz ki, adı çəkilən siyasətçi Rusiyaya Paşinyandan daha sədaqətlidir. Eyni zamanda hakimiyyətə iddialıdır. Deməli, o, "suları bulandıraraq" Paşinyan üçün çətinlik yaratmaqda maraqlıdır.
Bu cür vəziyyətdə biz ancaq irəli addım atmalıyıq. Moskva və İrəvan arasındakı münasibətlərdən asılı olmayaraq, hər iki tərəflə təmaslarda qətiyyətli, soyuqqanlı və təmkinli olmalıyıq. Bunun üçün ciddi əsasımız var. Hər halda "əlimiz" daha güclüdür. Hətta "kozır"umuz da az deyil. Məsələn, Şuşada qalıqları tapılan "İskəndər-M" raketi müəmmasını yenidən gündəmə gətirməyimiz düşmən (lər) üçün ciddi zərbə sayıla bilər. Müəyyən iddialara görə xəritə həm də Rusiyada var(mən də belə düşünürəm. Çünki Ermənistan Rusiyadan icazəsiz, az qala, nəfəs də ala bilmir. Və Moskva "zəncirdən" çıxmaq üçün vurmuxan öz for- postunu nəzarətsiz buraxmaq istəməz.). Deməli, bizim "İskəndər" məsələsini dünya ictimaiyyətinin diqqətinə yenidən çatdırmayacağımız təqdirdə Rusiya xəritə məsələsində müəyyən güzəştlər edə bilər və hətta etməlidir.
Xəritələr yalnız İrəvanın özündə olsa belə, biz Moskva vasitəsilə düşmənə (bəlkə də, kiçik düşmənə) daha güclü təzyiq edə bilərik. Odur ki, sözügedən məsələ mütləq gündəmdə saxlanılmalıdır.
Həmçinin hər iki qonşu dövləti regional əməkdaşlığın ən ideal variant olduğuna inandırmalıyıq. Əslində bu, onlara sərf edir. Çünki indi İrəvan kimi Moskvanın da vəziyyəti, o cümlədən xarici siyasəti heç də uğurlu deyil. Bütün hallarda minalı ərazilərin xəritəsi alınmalıdır- ya diplomatik yolla, ya da güclə. Əks halda, "bu xəmir hələ çox su aparacaq"...
Kənan Novruzov