Qardaşlaşma Memorandumu:“Gürcüstan- Azərbaycan əlaqələri...”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Gürcüstanın paytaxtı Tbilisi şəhərinin meri Kaxa Kaladzeni qəbul edib.
K.Kaladze söylyəib ki, Azərbaycan və gürcü xalqları uzun əsrlərdən bəri sülh və dostluq şəraitində yaşayıblar. Tbilisi meri qeyd edib ki, ölkəsində Azərbaycan ilə münasibətlərə xüsusi önəm verilir.
O, Bakıda göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirərək bu səfərin Bakı və Tbilisi şəhərləri arasında əlaqələrin möhkəmlənməsində xüsüsi rol oynayacağını vurğulayıb.
Sonra Bakı və Tbilisi şəhərləri arasında Qardaşlaşma haqqında Memorandum imzalanıb.

Siyasi analitik Turab Rzayev məlum sənədin əhəmiyyətini “Sherg.az”a şərh edib:

“Sözügedən Memorandumun imzalanması çox müsbət addımdır. Xüsusilə, son dönəmlər əlaqələrdə müəyyən qədər gərginlik yaranmışdı. Həm Gürcüstan, həm Azərbaycan cəmiyyətində, həm də iki dövlət arasındakı əlaqələrdə müəyyən qədər uzaqlaşma meylləri var idi. Sırf Gürcüstan Baş nazirinin son səfərindən sonra müəyyən dəyişikliklər nəzərə çarpdı və iki dövlət arasındakı münasibətlərin inkişafına töhfə verən məsələlər ortaya çıxdı”.

T.Rzayev vurğulayıb ki, Bakı və Tbilisi şəhərləri arasında Qardaşlaşma haqqında Memorandum iki ölkə arasında iqtisadi və mədəni əməkdaşlığa çox müsbət töhfə verəcək:

“Bundan sonra da Gürcüstanla iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafına dəstək verməliyik. Bunun üçün əlimizdən gələni etməliyik. Lakin Gürcüstan hökumətinin üzərinə də böyük öhdəliklər düşür. Gürcüstan hökuməti strateji xətlərimizin mühafizəsi ilə dərindən məşğul olmalıdır. Bu, həm strateji neft-qaz xətləri, həm nəqliyyat, həm də Bakı-Tbilisi-Qars dəmir yolu xəttidir ki, onlara süni maneələr yaradılır. Ona görə də həmin əngəllər aradan qaldırılmalıdır. Gürcüstanda yaşayan soydaşlarımızın da problemi ilə ciddi şəkildə maraqlanılmalı, onların etnik zəmində problemləri olmamalıdır”.