Ermənistan yenə atəşlə oynayır

Şuşa və Naxçıvandakı mövqelərimiz atəşə tutulub

Bütün vasitələr tükənərsə, anti-terror əməliyyatının keçirilməsi qaçılmaz olacaq


Son günlər Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində qanunsuz erməni silahlı dəstələri tərəfindən Ordumuza qarşı atəş açılması halları intensivləşib. İyulun 14-də Azərbaycan ərazisində qanunsuz yerləşmiş erməni silahlı dəstələri Şuşa şəhəri ətrafındakı mövqelərimizi pulemyot və avtomatlardan atəşə tutublar. Elə həmin gün Ermənistan silahlı birləşmələri Naxçıvanın Sədərək rayonu istiqamətində yerləşən Ordumuzun mövqelərinə müxtəlif çaplı silahlardan atəş açıblar.

Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu Mərdanlı İbadulla Məhsud oğlu yaralanıb. Ermənistan Müdafiə Nazirliyi isə atışma nəticəsində erməni əsgərin məhv edildiyi haqda məlumat yayıb. Xatırladaq ki, qısa müddət ərzində Ermənistan silahlı qüvvələri Kəlbəcər,  Gədəbəy, Tovuz  və Ağdam rayonlarındakı Azərbaycan Ordusununun mövqelərini atıcı silahlardan atəşə məruz qoyublar. İyulun 6-da Ağdam rayonunun Əliağalı kəndi istiqamətində törədilən təxribat nəticəsində hərbi qulluqçumuz - baş gizir Sakit Dadaşov yaralanıb. Baş vermiş insidentlərlə bağlı Rusiya sülhməramlı qüvvələrinin komandanlığına məlumat verilsə də, göründüyü kimi heç bir tədbir görülməyib. Ekspertlərin fikrincə, Rusiya sülhməramlıları müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindən dərhal erməni silahlı dəstələrini çıxarmalıdır. Bu, onların vəzifə borcu olmaqla yanaşı, 10 noyabr 2020-ci tarixində imzalanmış üçtərəfli Bəyanatın əsas tələblərindən biridir. Mövcud proseslər ondan xəbər verir ki, erməni tərəfi bu və ya digər formada yenidən “təmas xətti” yaratmaq niyyətindədir. Görünür, bununla Azərbaycan tərəfinin cavab zərbələri fonunda Qarabağda təhlükəsizliklərinin “pozulduğu” iddiaları ilə çıxış edəcəklər. Bu baxımdan məsələ çox ciddidir və cinayəti törədən ermənilər mütləq məsuliyyətə cəlb edilməlidir. İndiki mərhələdə isə rəsmi Bakı 10 noyabr bəyanatında nəzərdə tutulan şərtin icrasını tələb etməlidir. Ermənilərin Qarabağda yaratdığı bütün qeyri-qanunu hərbi birləşmələr dərhal buraxılmalıdır. Əgər Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində qanunsuz erməni silahlı dəstələrinin qarşısı alınmazsa, Azərbaycan ictimaiyyətində ciddi narazılıq yaranacaq. Sülhməramlılar öz vəzifələrini qeyd-şərtsiz yerinə yetirməlidir, çünki qarşılarına konkret öhdəliklər qoyulub. Onların səlahiyyətləri də, səlahiyyət yerləri də açıq şəkildə bəllidir. Bütün vasitələr tükənərsə, anti-terror əməliyyatının keçirilməsi qaçılmaz olacaq. 

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə “Şərq”ə açıqlamasında bildirib ki, o, indiyədək “sülhməramlı” adlandırılan Rusiya hərbçiləri ifadəsini işlədib. Partiya rəhbərinin sözlərinə görə, ilk gündən rusların həqiqi sülhməramlı missiyanı yerinə yetirəcəyinə böyük şübhə ilə yanaşıb:

“İfadələrimdə dəyişiklik edirəm. Məncə, “sülhməramlı” deyil, birbaşa erməniməramlı rus qüvvələri deməliyik. Rusiya hərbçiləri Qarabağda olduqları 7-8 aylıq müddətdə faktiki olaraq öz missiyalarını yerinə yetirməyiblər və səlahiyyətlərini dəfələrlə aşıblar. Ermənilərə havadarlıq etməklə məşğul olublar. 10 noyabr üçtərəfli sazişinin 4-cü bəndində birmənalı göstərilib ki, rus hərbçilərinin Qarabağa daxil olmasıyla paralel surətdə erməni silahlıları dərhal bölgəni tərk etməlidirlər. Həmin müddəanın icrası açıq-aşkar pozulub və aylar ötməsinə rəğmən, qanunsuz erməni terrorçuları ərazimizdən çıxarılmayıb. Əksinə, bəlkə də sayları artıb”. 

A.Əlizadə vurğulayıb ki, davamlı təxribatlar, Ağdam və Şuşanın atəşə tutulması aydın şəkildə göstərir ki, erməni birləşmələri Qarabağda daha da möhkəmlənib:

“Sülhməramlı”ların nəzarət etdiyi bölgədən Şuşaya atəş açılması birbaşa Rusiyanın məsuliyyətidir. Deməli, 10 noyabr sənədinə imza atan Kreml rəhbərinin təminatına məhəl qoyulmur və imzasına hörmət göstərilmir. Əgər elə olmasaydı, torpağımızdakı erməni quldurları daha da harınlamaz, qudurmazdı. Erməni separatçılarının revanş niyyətinə düşməsi nə deməkdir? Kim qarantiya verir ki, təxribatlar nəticəsində hərbçilərimiz həyatını itirməyəcək? Ona görə də bəri başdan ciddi tədbirlər görülməlidir. Rusiya rəhbərliyinə, hərbi komandanlığa xəbərdarlıq edilməli, izahat tələb olunmalıdır. Bəyannamənin şərtləri pozulursa, ruslar ermənilərə havadarlıq edirsə, başqa addımlar atılmalıdır. Əks halda yeni qaynar nöqtə yaranacaq və üçüncü Qarabağ müharibəsi qaçılmaz olacaq”.