Yeni plan qurulub

Vaşinqton Türkiyənin Əfqanıstanda "Taliban"la üz-üzə gəlməsində maraqlıdır

"Taliban" Türkiyəyə hərbçilərini Əfqanıstandan çıxarmaqla bağlı çağırış edib. Bəyanatda bildirilib ki, BMT və beynəlxalq ictimaiyyətin dəstəklədiyi və Türkiyə də daxil olmaqla, əksər ölkələr tərəfindən alqışlanan Doha razılaşmasına əsasən, bütün xarici dövlətlərin qüvvələri Əfqanıstandan geri çəkilir. Ancaq razılaşmaya baxmayaraq, Türkiyə hökuməti ABŞ-la razılaşaraq öz hərbi qüvvələrini Əfqanıstanda saxlayır. “Taliban” bildirib ki, əgər Türkiyə ordusu Əfqanıstanda qalsa, onlara hücum edəcəklər. "Taliban"ın bəyanatında bildirilib ki, Türkiyə rəhbərliyinin qərarı laqeydlikdir, suverenliyi, ərazi bütövlüyünü pozur və əfqanların milli maraqlarına ziddir. "Taliban" bəyanatda, həmçinin, Türkiyəni qəbul etdiyi qərardan imtina etməyə çağırıb.

Mövzu ilə bağlı siyasi-şərhçi Turan Rzayev "Şərq"ə açıqlamasında deyib ki, Türkiyə Mərkəzi Asiya ölkələri ilə hərbi əməkdaşlığı genişləndirir. O qeyd edib ki, xüsusilə bu prosesin Türkiyə ordusunun Əfqanıstanda qalmaq qərarı verdiyi bir zamanda baş verməsi olduqca maraqlıdır:

"Məsələ orasındadır ki, "Taliban" hərəkatının Əfqanıstanda hakimiyyəti ələ alacağı və paytaxt Kabili ələ keçirəcəyi artıq heç kəsə sirr deyil. Məlum idi ki, 20 illik mübarizədən sonra ABŞ və NATO qüvvələrinin Əfqanıstandan çıxması "Taliban"ın da güclənməsi ilə paralellik təşkil edəcək. Son günlər "Taliban"ın ard-arda iri yaşayış məskənlərini ələ keçirməsi də ondan xəbər verir ki, "Taliban" Əfqanıstanı ələ keçirmək üçün əsaslı addımlar atır. ABŞ və NATO qüvvələri Əfqanıstandan çıxsa da, Türkiyə qoşunları bu ölkədə qalacaq. Lakin bu, heç də ABŞ-ın müttəfiqi adlandırdığı Türkiyəni dəstəkləməsi deyil. Vaşinqton faktiki olaraq Türkiyəni Əfqanıstanda "Taliban"ı tənzimləmək üçün saxlayıb. Çünki rəsmi Vaşinqton 20 ildən artıq bir müddətdə mübarizə apardığı "Taliban"ın birdən-birə bu qədər güclənməsinə də razı ola bilməz. Lakin bununla belə bağlı qapılar ardında keçirilən görüşlərdə Vaşinqton "Taliban"la daha böyük məsələlər ətrafında razılığa gəlib. Söhbət Əfqanıstanda hakimiyyətin "Taliban"a güzəştə gedilməsi qarşılığında hərəkatın Mərkəzi Asiya və Çinin Uyğur vilayətində radikal islamçılığı gücləndirməsi siyasətindən gedir. Yəni "Taliban" qarşısında qoyulan öhdəlik sosial vəziyyəti iqtisadi imkanları zəif olan Mərkəzi Asiya ölkələrində dini radikalizmi artırmaq, beləcə Çinin “Bir kəmər, bir yol” layihəsinin şah damarı olan Mərkəzi Asiya xəttinin qarşısını almaqdır".

Analitik diqqətə çatdırıb ki, Türkiyə ABŞ-ın pərdəarxası dəstəyi ilə "Taliban"ın Mərkəzi Asiyaya sızmaq, burada dini radikalizmi artırmaq istədiyini yaxşı bilir:

"Lakin Ankaranı "Taliban"la bağlı narahat edən əsas məsələ tamamilə fərqlidir. Düzdür, Türkiyənin də Mərkəzi Asiya ölkələri ilə bağlı planları var. Xüsusilə də uzun illərdir türk dünyasının vahid arzusu olan TDƏŞ və ya hər kəsin bildiyi kimi Turan İttifaqını yaratmaq. Bundan başqa, Çinin “Bir kəmər, bir yol” layihəsi də Ankaranın diqqət mərkəzindədir. Lakin Ankara anlayır ki, "Taliban"ın Mərkəzi Asiyaya sızması hər şeydən öncə illərdir mübarizə apardığı Fətullah Gülən və onun FETÖ terror birləşməsinin güclənməsinə səbəb ola bilər. Məsələyə daha geniş müstəvidən baxsaq, deyə bilərik ki, Türkiyə də bu gün FETÖ-yə qarşı ciddi zərbə vurulsa da, Gülənçilərin Mərkəzi Asiyada nüfuzu hələ də güclüdür. Təsadüfi deyil ki, Ankara uzun müddətdir Mərkəzi Asiya ölkələrində, xüsusilə də Qırğızıstanda fəaliyyət göstərən FETÖ-çülərə qarşı sözün əsl mənasında ov başladıb. Türkiyənin Müdafiə naziri Hulusi Akarın bir müddət öncə Qırğızıstan və Tacikistana səfər etməsi də məhz bu məsələ ilə bağlı idi. Məsələ ondadır ki, Akarın bu səfəri ilk başda Qırğızıstanla Tacikistan arasındakı münasibətlərdə sərhəd gərginliyi ilə əlaqələndirilsə də məsələ tam fərqli idi. Qırğızıstanın Türkiyənin hərbi və maliyyə dəstəyinə ehtiyacı var. Bunu Türkiyə də yaxşı bilir. Türkiyə hər ikisini təmin edəcək. Lakin Türkiyənin də öz növbəsində Qırğızıstandan gözləntiləri var. Belə ki, Türkiyə bu ölkədə fəaliyyət göstərən Fətullah Gülən tərəfdarlarının təhvil verilməsini istəyir. Qırğızıstan Türkiyənin bu istəyini isə çox keçmədi ki, gerçəkləşdirdi. 21 ildir Qırğızıstanda yaşayan və FETÖ-nün Mərkəzi Asiya üzrə baş direktoru Orxan İnandı 1 iyunda Bişkekdə saxlanılaraq Türkiyəyə gətirildi. Sadır Japarov ölkəsində Gülən tərəfdarları ilə mübarizə aparacağı vədini yerinə yetirir. Ankara ABŞ-ın dəstəyi ilə "Taliban"ın Mərkəzi Asiyaya sızıb, burada dini radikalizmi artıracağını bilir. Lakin "Taliban"ın ideologiyasında peştun milliyyətçiliyin dindən ön planda olması hərəkatın bu regiona sızmasına ciddi maneədir. Bu mənada "Taliban"a Mərkəzi Asiyada ABŞ-ın dəstəklədiyi digər bir terrorçu qrup Fətullah Gülənin FETÖ terror təşkilatı yardım edəcək. Yəni FETÖ və "Taliban" ABŞ maraqları üçün Mərkəzi Asiyada dini radikalizmi artırmaq üçün birlikdə hərəkət edəcək. Onsuz da illərdir FETÖ-nün belə bir dəstəyə ehtiyacı var. Çünki FETÖ ideoloji cəhətdən gücü olsa da hərbi baxımdan gücü yoxdur. "Taliban"da isə vəziyyət tam tərsidir. Silah və döyüşçü baxımdan lazımi resursu olan "Taliban"ın Mərkəzi Asiyada ideoloji dəstəyi yoxdur. Yəni hər iki terrorçu qrup Mərkəzi Asiyada ABŞ-ın pərdəarxası dəstəyi ilə gücünü birləşdirəcək. Nəticə etibarilə ABŞ Türkiyənin Əfqanıstanda qalıb "Taliban"a nəzarət etməsini istəsə də, Mərkəzi Asiyada nüfuzunu artırmasını istəmir. Təsadüfi deyil ki, bütün bu hadisələrin fonunda Türkiyə ordusu Əfqanıstanda qalsa, "Taliban" onlara hücum edəcək bəyanatını verdi. Yəni rəsmi Vaşinqton Ankaranın Mərkəzi Asiyadakı planlarını pozma ehtimallarının qarşısını almaq üçün Əfqanıstanda "Taliban"la üz-üzə gəlməsində maraqlıdır. Beləliklə, Ankara Əfqanıstanda "Taliban"la mübarizə apardığı bir zamanda ABŞ-da Mərkəzi Asiya ilə bağlı planlarını yerinə yetirə biləcək. Ankaranın nə edəcəyini isə yaxın günlərdə baş verəcək siyasi proseslər müəyyənləşdirəcək".