Sərhəddəki atəş səsləri Rusiyanın təsiri ilə törədilir
"İkinci Qarabağ müharibəsindən səkkiz ay keçməsinə baxmayaraq 10 noyabr və 11 yanvar razılaşmalarına Ermənistan Rusiyanın təlimatı ilə əməl etmir". Bu sözləri politoloq Məhəmməd Əsədullazadə "Şərq"ə açıqlamasında deyib. O qeyd edib ki, bununla yanaşı Ermənistan Azərbaycana qarşı revanşist mövqeni davam etdirir və ilkin şərt olaraq Qarabağda ermənilərin statusunu irəli sürür. Həmçinin, Azərbaycan tərəfindən ikitərəfli danışıqların əleyhinə olaraq sərhədlərin delimitasiyası və demarkasiyasına atəşlə cavab verir:
"Demək olar ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasına və ümumiyyətlə, Azərbaycanla əlaqələrin bərpasında maraqlı deyil. Təbii ki, Ermənistanın bu siyasətinin arxasında Rusiya durur. Məhz Moskva Azərbaycanla Ermənistan arasında mümkün sülh müqaviləsinə qarşıdır. Həmçinin Zəngəzur dəhlizinin açılmasını regional maraqlarına təhdid hesab edir. Qeyd edim ki, Ermənistanla Azərbaycan arasında gərginliyə və regionda sülhün əldə edilməsinə əsas əngəl Rusiyanın sülhməramlı qüvvələrinin məsuliyyət zonasında erməni silahlı birləşmələridir. Bu gün silahlı ermənilərə Laçın dəhlizi vasitəsilə silah-sursat daşınır. Hətta digər iri çaplı silahların daşınması həyata keçirilir. Halbuki, 10 noyabr Bəyannaməsinin 4-cü bəndinə əsasən, silahlı erməni birləşmələri çıxarılmalıdır. Amma Rusiya buna getmir və Qarabağda böhranı davam etdirməkdə maraqlıdır".
Politoloq vurğulayıb ki, artıq qanunsuz silahlı erməni birləşmələri atəşkəsi mütəmadi pozur: "Şuşa ətrafında bölmələrimizə qarşı hücum edilib. Göründüyü kimi Rusiya sülhməramlı qüvvələri Azərbaycana qarşı erməni silahlılarının hücumunu təşviq edir və münaqişənin davam etməsi görüntüsünü təqdim edir. Məhz Şuşa Bəyannaməsinin tez bir zamanda imzalanması Rusiyanın bu kimi provakasiyalarına qarşı Türkiyənin bizim müdafiəmizi təşkil etməsinə əsaslanırdı. Rusiya tərəfi üçtərəfli bəyannamənin yerinə yetirilməsi əvəzinə artıq Qarabağda separatizmi qızışdırır və erməniləri silahlı hücuma təşviq edir. Belə olan təqdirdə azərbaycanlıların Xocavənd, Ağdərə və Xankəndiyə qayıtması mümkün olmayacaq. Halbuki, bu, 10 noyabr birgə bəyannaməsində azərbaycanlıların bu ərazilərə köçürülməsi və birgə yaşayış qeyd edilib. Artıq 7-ci bəndin təmini mümkün olmayacaq. Rusiya Prezidenti Vladimir Putin artıq öz imzasının mürəkkəbi qurumamış müqaviləni görməzdən gəlir. Ermənistan Baş naziri Paşinyanın Moskvaya səfəri, məhz əldə edilən razılaşmalara əməl edilməməsi təlimatının verilməsi idi. Çünki Rusiya Şuşa Bəyannaməsindən hiddətlənib, həmçinin Azərbaycanı KTMT-yə dəvət etmək niyyətindədir. Amma, Azərbaycan Rusiyanın layihələrində yer almayacaq. Rusiya Baş nazirinin müavininin Bakıya səfəri, Azərbaycanın KTMT müşahidə institutuna üzv olması üçün danışıqlar aparıb. Onun əliboş Bakıdan qayıtması, Şuşada ermənilərin bölmələrimizə qarşı hücumu ilə müşayiət olundu. Artıq Rusiya Qarabağda sülhməramlı deyil. Bunu Azərbaycan ictimaiyyəti bilməlidir".
M.Əsədullazadə əlavə edib ki, Rusiya Qarabağda növbəti dəfə Ermənistan-Azərbaycan münaqişəsinin qızışdırılmasında katalizatordur:
"Prezident İlham Əliyev Ermənistanın növbəti dəfə mina xəritələrini verməməsini qeyd etdi. Mina xəritəsini verməyən Azərbaycanla sülh bağlamayacaq. Azərbaycan bundan sonra daha da ciddi Qarabağda silahlı erməni birləşmələrinin ləğvini tələb etməlidir və Laçın dəhlizində mülki post qurmalıdır. Vəziyyət qeyri-sabitdir. ABŞ, Rusiya və Fransa səfirlərinin Şuşaya getməməsi, Ermənistanı daha da mümkün anlaşmalara qarşı mövqe tutmağa rəvac verir. Hesab edirəm ki, Rusiya Ermənistanı silahlandıracaq və iki ölkə arasında sülhün bərqərar olmasına imkan verməyəcək".