“Ermənistan müharibə potensialından məhrumdur” – Xarici təsirlər... 

“Ermənistanın müharibə istəyi özündən qaynaqlanmır. Bu, Rusiyanı müharibəyə çəkmək istəyidir. Rusiya mühasirədədir”.
 Bu sözləri siyasi analitik Turab Rzayev deyib.
 Məsələ barədə daha ətraflı “Sherg.az”a danışan ekspert “aysberqin görünməyən tərəflərini” izah etdi:

 “Aydın məsələdir ki, Ermənistanın eyni anda müxtəlif istiqamətlərdə təxribatlar törətməyə imkanı yoxdur. İrəvan müharibə aparmaq potensialından məhrumdur. Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın Qərbdən bu qədər dəstək alması təsadüfi deyil.

Görünür, Qərb Rusiyanı müharibəyə çəkərək zəiflətmək, siyasi manevr imkanlarını və enerjisini azaltmaq istəyir.

Ən müxtəlif istiqamətlərdə, o cümlədən Suriyada, Liviyada, Ukraynada, Qafqazda artıq bu proses gedir. Fikrimcə, növbəti hədəf Kalininqrad və Viladivostok vilayətləridir”.

T.Rzayevin fikrincə, proseslər göründüyündən daha böyükmiqyaslıdır: 

“Rusiyanı zəiflətmək üçün ən ideal variant Türkiyə ilə konflikt yaratmaqdır. Ümumiyyətlə, Qərbin əsas məqsədlərindən biri Moskvanı Bakı ilə düşmən etmək və Moskva- Ankara münasibətlərini korlamaqdır.
Bəzən Kreml də ciddi aqressiya nümayiş etdirir, mesajlar verir. Qərb isə Rusiyanı qıcıqlandırmaqdan əl çəkmir”.