Ekspert Rəisinin səmimiyyətinə inanmır


“İranın xarici siyasət kursunu ölkənin ali rəhbəri və rəhbərlik institutu formalaşdırır”

“Prezident isə hökumət başçısıdır və ali icraedici orqanın rəhbəridir”

“Siyasətdə səmililik axtarmaq əbəsdir”


İranın yeni seçilmiş prezidenti Seyid İbrahim Rəisi işğal olunmuş ərazilərin azad edilərək Azərbaycanın öz milli hakimiyyətini bu ərazilərdə bərpa etməsi və dövlət sərhədlərinə nəzarətin təmin olunması münasibətilə Azərbaycan Prezident İlham Əliyevi təbrik edib.  Bununla bağlı İranın Azərbaycandakı Səfirliyi “Twitter” hesabında paylaşım edib. 

Seyid İbrahim Rəisi bildirib ki, iki dost, qardaş və qonşu ölkənin əlaqələri xalqlarımızım qardaşlıq bağlarına, ortaq mədəniyyətinə və tarixinə söykənir. İranın yeni seçilmiş prezidentinin sözlərinə görə, yeni fürsətlərdən faydalanaraq və məsləhətləşmə yolu ilə əməkdaşlıq yüksələn templə inkişaf edəcək, bölgədə sabitliyin və əmin-amanlığın möhkəmlənməsinə öz töhfəsini verəcək.

Politoloq Sədrəddin Soltan sözügedən təbriki “Sherg.az”a şərh etdi:

“Bu, yeni bəyanat deyil. Görünür, Rəisi əvvəlki prezidentlərin Azərbaycanla bağlı mövqelərini davam etdirəcək. Ümumiyyətlə, İranın xarici siyasət kursunu ölkənin ali rəhbəri və rəhbərlik institutu formalaşdırır. Prezident isə hökumət başçısıdır və ali icraedici orqanın rəhbəridir. Əlbəttə, regional dövlətin hökumət başçısının bu ifadəni işlətməsi təqdirəlayidir. Lakin siyasətdə səmililik axtarmaq əbəsdir”.