Türkiyədə dövlət çevrilişinə cəhdin üzərindən beş il ötür. 2016-cı ilin bu günündə, yəni iyulun 15-də AKP-Gülən hərəkatı qarşıdurması müəyyən qüvvələrin hakimiyyəti çevirmək cəhdləri ilə nəticələnmişdi.
Həmin gün Böyük Millət Məclisi bombalanmış, mülki insanlar xəsarət almışdı. Lakin qardaş ölkə yıxılmadı. Dim-dik dayandı! Bütün düşmənlərə rəğmən!
Ağ partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli bu barədə “Sherg.az”a danışdı. Onun sözlərinə görə, Türkiyə belə hadisələrə daim hazır olmalıdır:
“Düzdür, Türkiyə daha əvvəlki Türkiyə deyil. Qardaşımız regional və qlobal gücə çevrilib. Bu isə o deməkdir ki, analoji cəhdlərə əl atmaq o qədər də asan deyil. Osmanlının yadigarı olaraq Türkiyə “çoxrəngli” ölkədir. Orada müxtəlif ideologiyaların qarışığı var. Odur ki, həmişə hansısa xarici qüvvə daxili qüvvədən yararlanmağa çalışacaq. FETÖ xeyli zəifləsə də, hələ tam məhv edilməyib. Üstəgəl, başqa təşkilatlar da var. Deməli, Türkiyə həmişə ayıq-sayıqlığını qorumalıdır”.