Su haqqı...

And içirik ki, israfçılıq davam etsə, Bakıda böyük su qıtlığı yaşanacaq

Dərdimiz deyiləsi deyil, paytaxtın bir tərəfində 24 saat su var, digər tərəfi içməyə su tapmır

"Sakinlərə suyun nə zaman kəsiləcəyi, nə zaman veriləcəyi barədə əvvəlcədən məlumat da verilmir ki, su baklarını, vedrə, ləyənləri doldurub ehtiyat görsünlər"


 “Çörəyi ver çörəkçiyə, birini də üstəlik”. Yəni işi bacarana tapşırarlar. Çörək haqqında deyib, atalar. Amma su yaddan çıxıb. Tam yaddan çıxıb da deməyək. Atalar sözləri qədər məşhur olan misraları var, dahi Nizaminin – suyun artıq içiləndə dərd verməsinə aid. 99, bəlkə də əhalimizin 100 faizi bilir bu kəlamları. Dövrümüzə transfer eləsək bu qızıldan qiymətli hikmətli misraları belə alınar yəqin: artıq istifadə edildikdə dərd verir, su da! Bu dərd də yayın qızmar günlərində əhalinin su qıtlığı ilə üzləşməsidir. Yayın istisində susuzluqdan əziyyət çəkmək qədər ağır başqa nə dərd ola bilər?! Bəli, biz israfçı xalqıq. Həm də (xalqımızın bir sıra, xeyli sayda müsbət keyfiyyətlərini görməzdən gəlmək günah olar – M.R.). Bir tərəfdən baxanda bağı-bostanı, həyətdəki ağacları, gül-çiçəyi bol-bol sulamağımız da ürək açıqlığından irəli gəlir.

Əlimiz də açıqdı, ürəyimiz də. Lakin dövrün tələbləri və şərtləri dəyişib. Birisi ümumi həyətdəki və ya küçədəki ağacları fərdi su sayğacından gələn suyun hesabına sulasa, ertəsi gün əlinə verilən su haqqı qəbzindəki rəqəmi görüb “mənə deyən gərək, nəyinə lazımdı, ağacları sulamaq?!” deyib peşmanlığını ifadə edəcək. Mövzumuz suyun bahalaşması deyil. Keçdik bu mövzudan. Məsələ yayın istisində əhalinin susuz qalmasıdır. Təəssüf ki, hələ də belə hallar yaşanır. Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi, 84 saylı binanın sakinləri son günlərdə su qıtlığından əziyyət çəkir. Sakinlər deyir ki, mənzillər dünənədək (müsəlmanın dünənidir haa...) su ilə fasiləsiz təmin edilirdi. Son vaxtlar isə su fasilələrlə verilməyə başlayıb. Həm də sakinlərə suyun nə zaman kəsiləcəyi, nə zaman veriləcəyi barədə əvvəlcədən məlumat da verilmir ki, su baklarını, vedrə, ləyənləri doldurub ehtiyat görsünlər. Oxşar problemlər bəzən şəhərin başqa ərazilərində də yaşanır.  Demirik, su təminatı aşağı səviyyədədir, haqsızlıq olar. Ötən əsrlə müqayisə olunanda suyun verilməsində xeyli irəliləyişlər var. Amma bu da baş verməli olan işdir. 20-ci əsrlə 21-əsr arasında bir fərq olmalıdır, ya yox?!  Məlum məsələdir ki, yay mövsümündə suya tələbat artır, nəticədə su qıtlığı yaşanır. Bunun bir səbəbi də yuxarıda qeyd etdiyimiz israfçılıq, içməli sudan digər məqsədlər üçün istifadə edilməsidir. Götürək elə, avtoyuma məntəqələrini. Paytaxtda bu məntəqələrin sayını-hesabını bilən varmı, görəsən? Avtoyuma məntəqələrində içməli su günün 24 saatı, fasiləsiz fəaliyyətdədir. İçməli suyu avtomobillərin üzərinə şırhaşır axıdırlar. Əhaliyə fasiləsiz su verilməli olduğu halda, avtomobillər fasiləsiz yuyulur. Beləcə, suyumuz israf edilir. Səbəblər arasında su kəmərlərində baş vermiş qəzalar da var. 2 gün əvvəl “Azərsu” ASC belə bir məlumat yaymışdı ki, Kür-Bakı magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar paytaxtın Qaradağ, Səbail və Binəqədi rayonlarının bəzi ərazilərinə, eləcə də Şirvan və Hacıqabul şəhərlərinə, Hacıqabul rayonunun magistral kəmərdən qidalanan kəndlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr də istəmişdi. Hazırda vəziyyət necədir və yay günlərində əhali içməli su ilə necə təmin edilir?  

Suyu boş-boşuna axıdırlar, sonra da su istəyirlər... 

“Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı “Şərq”ə açıqlamasında mövcud duruma aydınlıq gətirib: 

- Hazırda Bakı şəhərində xidmət göstərdiyimiz əhalinin 81,6 faizi fasiləsiz – 24 saat içməli su ilə təmin edilir. Qış aylarında paytaxta saniyədə 11 kubmetr su verilir və bu, tələbata kifayət edir. Yay aylarında isə həcmi saniyədə 16 kubmetrə qədər artırırıq. Lakin yay aylarında bəzi lokal ərazilərdə suyun təzyiqində, verilmə qrafikində müəyyən lokal problemlər yarana bilir. Bilirsiniz ki, Abşeronda alternativ şirin su mənbələri olmadığından, suvarmada içməli sudan istifadə edildiyindən hidravlik rejimlərin pozulması halları baş verir. Yəqin siz də müşahidə etmisiniz ki, küçələrdə, parklarda, yol kənarlarında bəzən şirin su israf olunur, yaşıllıqlar necə gəldi suvarılır. Suvarılan ərazilər ənənəvi üsulla – rezin borular (şlanqlar) vasitəsilə suvarılır ki, bu da bəzən nəzarətsiz qaldığından suyun asfalta, orada da yağış barmaqlıqları vasitəsilə birbaşa kanalizasiya xətlərinə axmasına səbəb olur. Halbuki, suvarmada çiləmə, damcı üsulları da var və bu cür suvarmayla suya dəfələrlə qənaət etmək mümkündür. “Azərsu”nun əsas vəzifəsi əhalini içməli su ilə təmin etməkdir. Yay aylarında, kəskin istilərdə əhalinin suya olan tələbatını ödəmək məqsədilə “Azərsu” qrafik rejimli tənzimləmələr aparır. Bəzən gecə saatlarında hansısa ərazidə, hansısa ərazidə isə bəzən gündüz saatlarında suyun verilməsi dayandırılır və anbara su ehtiyatı toplanır. Müxtəlif ərazilərdə suyun verilməsində fasilələrin yaranması qrafiklərin tənzimlənməsi ilə bağlıdır. Bununla bağlı biz mətbuat vasitəsilə ictimaiyyətə məlumat verdik. Bu gün su təchizatına gəlincə, paytaxtın mərkəzi rayonlarında problem yoxdur. Problem daha çox Bakıətrafı ərazilərdə yaşanır. Çünki bu ərazilərdə şirin su ehtiyatlarından suvarma məqsədilə daha çox istifadə halları genişdir. Yaşıllıqlar, bağ-bostanlar suvarılır. Həmin ərazilərdə su xətlərinə qanunsuz və sayğacdankənar qoşulma halları daha çoxdur. İşlətdiyi suyun pulunu ödəməyən və ya sayğacı olmayıb normativlə hesabat aparılan ünvanlarda su israfçılığına yol verilir. Tənzimləmə də ona görə aparılır ki, hamıya su çatsın. Biri sudan 24 saat istifadə etsin, digəri ümumiyyətlə su tapmasın. Bax, buna yol verməmək üçün magistral və paylayıcı xətlərin üzərində quraşdırılmış siyirtmələr vasitəsilə tənzimləmə aparmaqla suyun paylanmasında stabilliyə nail olmağa çalışırıq. 

Ötən ilin iyulunda cənab Prezidentin sərəncamı ilə su ehtiyatlarından səmərəli istifadənin təmin olunması ilə bağlı Tədbirlər Planı təsdiqləndi və orada əsas hədəf uçotun düzgün qurulması, israfçılığın və qanunsuz istifadənin qarşısının alınması, itkilərin azaldılmasıdır. Plana uyğun olaraq qeydiyyatsız, sayğacdankənar və uçotsuz su xətlərinin aşkarlanması və uçotun düzgün qurulması ilə istifadənin qarşısının alınması işləri həyata keçirilir. Bu ilin 6 ayı ərzində 9171 belə fakt aşkarlanıb. Aşkarlanan faktlar aktlaşdırılır, dəyən ziyan hesablanır. “Azərsu” yaşıllıqların suvarılmasında şirin sudan istifadə edənlərə, sudan texniki, sənaye məqsədləri üçün istifadə edənlərə çağırış edir ki, sudan qənaətlə istifadə etsinlər. Məlumdur ki, alternativ su mənbələri çox azdır. Amma Tədbirlər Planında qrunt sularından istifadə etmək, təmizlənmiş tullantı sularından təkrar istifadə, həmçinin dəniz suyunun duzsuzlaşdırılaraq suvarmada və digər texniki sahələrdə istifadə edilməsi barədə tapşırıqlar var. Planın 7-ci bəndi isə sırf içməli sudan səmərəli istifadə, israfçılığın qarşısının alınması ilə bağlı maarifləndirmə və məlumatlandırma işləri ilə bağlıdır.  
Quraqlıq qapıdadı, biz isə hələ “yuxudayıq” 

Sosioloq Elçin Bayramlı isə “Şərq”ə açıqlamasında qeyd etdi ki, 30 ildən çoxdur ki, dünyanın ekoloq alimləri həyəcan təbili çalır ki, tezliklə dünyada ciddi su böhranı, hətta su müharibələri baş verəcək: 

- Son illərdə kiçik çayların quruması və su ehtiyatlarının azalması müşahidə edilir. Quraqlıq, səhralaşma qapımızı kəsdirib, biz isə buna hazırlıqsız yaxalanmışıq. Kür boyda çay demək olar ki, yoxa çıxıb, arx səviyyəsinə düşüb. Bununla paralel olaraq yaşıllıqlar  azalır, dağlarda “keçəlləşmə”, meşələrdə seyrəkləşmə gedir. Prezident İlham Əliyevin ötənilki müşavirədə dediyi kimi, 2030-cu ilə artıq respublika miqyaslı böyük səhralaşma yarana bilər. Bir neçə məmurun varlanmasına görə, biz milyardlarla pul ödəyib xaricdən su almalı deyilik. Bizdən dəfələrlə az su ehtiyatlarına malik ölkələr, suyu elə optimal, elə itkisiz idarə edirlər ki, problem yaranmır. Onlardan dəfələrlə çox su ehtiyatına malik olduğumuz halda bizdə niyə problem yaranmalıdır?! İçməli suyun da hədsiz israfı və qanunsuz paylanması problem yaradır. Belə ki, əhaliyə çatmayan su xüsusi şirkətlərə, təsərrüfatlara sayğacdan kənar limitsiz həcmdə verilir və onlardan külli miqdarda rüşvət alınıb ciblərə qoyulur. Nəticədə, dövlət büdcəsindən xeyli vəsait yayındırılır. Nəticədə, guya yaşıllıq sahələrinin suvarılması üçün ayrılan su bəzi məmurlara nəhəng qazanc gətirir, yaşıllıqlar isə susuzluqdan quruyub gedir. Dövlət başçısının dediyi kimi, bəzi hallarda “su itkisi” 40-50 faizə çatır. Bu, dünya üzrə ən böyük və heç vaxt təkrar olunmayacaq rekorddur. Bu nə deməkdir? Necə yəni 50 faiz su itkisi? Heç bir su itib eləmir, həmin “itən” sudan, yuxarıda dediyim kimi, necə lazımdı bəhrələnirlər. Su ehtiyatlarından səmərəli istifadə ilə bağlı ciddi strateji proqram hazırlanmalı və təcili icrasına başlanmalıdır. Su israfının qarşısı alınmalı, suyun bölüşdürülməsinin uçotuna şəffaf və mükəmməl nəzarət sistemi olmalıdır - həm dövlət, həm də qeyri-hökumət təşkilatları və media tərəfindən. Yaxşı olardı ki, dəniz kənarında su şirinləşdirici zavodlar tikilsin və dənizdən əldə edilən su bitkilərin suvarılmasında, avtoyuyucuməntəqələrində, sənaye müəssisələrində, broyler fabriklərində və s. bu kimi yerlərdə istifadə olunsun. Bakıya verilən təbii içməli su isə yalnız mənzillərə və idarələrə yönəldilməlidir. Bu halda Bakıya gələn su mənbələrində gərginlik azalar, yeraltı su hövzələrinin istismar sürəti və həcmi azalar.