Azərbaycan və Gürcüstan oxşar tale yaşayır

Bakı və Tbilisinin qardaşlaşması həm də regionda sülhə töhfədir


Məlum olduğu kimi Gürcüstanın paytaxtı Tbilisinin meri Kaxa Kaladzenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlib. İki ölkə arasında Bakı və Tbilisi şəhərləri arasında qardaşlaşma haqqında Memorandum imzalanıb. Tbilisi meri Bakı və Tbilisi arasında qardaşlaşma haqqında memorandumun imzalanmasının mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. K.Kaladzenin sözlərinə görə, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır: “Bu, uzun əsrlər boyu Gürcüstan və Azərbaycan arasında mövcud olan münasibətlərin dərinləşdirilməsinə böyük töhfə verəcək, müxtəlif sahələr üzrə əlaqələrimizin daha maraqlı və dostsevər olmasına şərait yaradacaq”.

Mer bildirib ki, Tbilisinin qardaş şəhərlərinin hazırkı sayı 20-dir:

“Bakı Tbilisinin 21-ci qardaş şəhəri olacaq. Bu, uzun əsrlər boyu Gürcüstan və Azərbaycan arasında mövcud olan münasibətlərin dərinləşdirilməsinə böyük töhfə verəcək, müxtəlif sahələr üzrə əlaqələrimizin daha maraqlı və dostsevər olmasına şərait yaradacaq”. Tbilisi meri Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla görüşüb. Görüşdə Eldar Əzizov ölkələrimiz arasında çox qədim dostluq və qonşuluq münasibətlərinin olduğunu deyib. Azərbaycan-Gürcüstan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayan E.Əzizov bildirib ki, bu gün Azərbaycan ilə Gürcüstan arasındakı münasibətlər bir çox sahələrdə inkişaf edir. Qarşılıqlı səfərlər əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün yeni imkanlar açır. Yüksək səviyyəli siyasi münasibətlər iqtisadi əlaqələrə də öz təsirini göstərməkdədir. Azərbaycan və gürcü xalqlarının uzun əsrlərdən bəri sülh və dostluq şəraitində yaşadıqlarını söyləyən Kaxa Kaladze də bəyan edib ki, ölkəsində Azərbaycanla münasibətlərə xüsusi önəm verilir. O, Bakıda göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, bu səfərin Bakı və Tbilisi şəhərləri arasında əlaqələrin möhkəmlənməsində xüsusi rol oynayacağını qeyd edib. Tbilisi şəhərinin meri Kaxa Kaladze dünən Prezident İlham Əliyev tərəfindən də qəbul edilib. Dövlət başçısı vurğulayıb ki, tarix boyu Cənubi Qafqazda həm Bakı, həm də Tbilisi həmişə öz gözəlliyi ilə fərqlənib: “Həm siyasi, həm iqtisadi, həm də mədəni mərkəz rolunu oynayıblar. Əlbəttə ki, dünən imzalanmış sazişdən sonra iki şəhər arasındakı təmaslar daha da sıx olacaq və olmalıdır. Yəqin ki, birgə fəaliyyət planı da hazırlanacaq. Mən istəyirəm ki, çoxlu qarşılıqlı səfərlər olsun, ictimaiyyət nümayəndələri, media nümayəndələri, tanınmış şəxslər müntəzəm olaraq qarşılıqlı səfərlər etsinlər. Həm Tbilisi, həm də Bakı dünyanın heç bir başqa şəhərinə oxşamırlar”. Tbilisi şəhərinin meri Kaxa Kaladze də öz növbəsində bildirib ki, Gürcüstan hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib: “Dünən qardaşlıq haqqında mühüm sənəd imzalandı. Lakin biz hər zaman qardaş olmuşuq, hər zaman bir-birimizə dost və dayaq olmuşuq. Şəxsən mənim üçün Azərbaycan çox yaxın ölkədir, burada çoxlu dostlarım var. Mən energetika naziri olanda da buraya gəlirdim, çoxlu dostlarım var və çox şadam ki, yenə burada, Bakıdayam”.

Millət vəkili Azər Badamov “Şərq”ə açıqlamasında vurğulayıb ki, Gürcüstan-Azərbaycan əlaqələri strateji xarakter daşıyır. Deputatın sözlərinə görə, Azərbaycanın beynəlxalq neft-qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu Gürcüstan ərazisindən keçir və bu da qonşu ölkənin büdcəsinə böyük gəlirlər gətirir:

“Ermənilər zaman-zaman Gürcüstan-Azərbaycan əlaqələrini düşünülmüş şəkildə pozmağa cəhd ediblər. Amma xalqlarımız və dövlətlərimiz arasındakı qardaşlıq və dostluq əlaqələri möhkəm təməllər üzərində qurulduğundan ermənilərin arzuları ürəklərində qalıb. Tbilisi şəhər merinin rəhbərlik etdiyi nümayənədə heyətinin Bakıya səfəri çərçivəsində Tbilisi-Bakı şəhərlərinin qardaşlaşması haqqında memorandum imzalandı. Bakı və Tbilisi Cənubi Qafqazın tarixi qədim şəhərləridir. Tarixin hər bir dövründə iki şəhər arasında sıx siyasi-mədəni bağlılıq olub.

Şəhərlərin ümumi oxşarlığı da mövcuddur. Bakıda qədim İçərişəhər, Tbilisidə isə Köhnə Tbilisi şəhəri var. Tbilisi meri Kaxa Kaladzeni qəbul edən Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkələrimiz də qardaş ölkələrdir, xalqlarımız da qardaş xalqlardır.

Təbii ki, paytaxtlar da qardaş paytaxtlar olmalıdır. Ölkələrimizin paytaxtlarının qardaşlaşması əlaqələrimizi daha da dərinləşdirəcək, rəsmi səfərlər çoxalacaq, iki paytaxtda mədəniyyət günləri keçiriləcək. Xalqlarımızı bir-birinə daha da yaxınlaşdıran mədəni tədbirlər təşkil olunacaq”.

A.Badamov vurğulayıb ki, Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir:

“Gürcüstan 44 günlük Vətən müharibəsi dövründə əsl qardaşlığını nümayiş etdirərək öz ərazisindən Ermənistana hərbi yüklərin daşınmasına icazə vermədi. Bu, Gürcüstanın dostluğumuza sədaqətliliyindən irəli gəlirdi.

Azərbaycanla Gürcüstan arasında bütün məsələlər masa arxasında öz həllini tapır və qaranlıq qalan məqamlar olmur. Ermənistanın isə Azərbaycandan fərqli olaraq Gürcüstana da ərazi iddiaları var. Ermənilər məqam gözləyir ki, gürcülərlə ərazi mübahisələrinə başlasınlar. Azərbaycan Ermənistandan fərqli olaraq Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir.

Ölkələrimizarası münasibətlərin yüksək səviyyəyə qalxması regionda yeni iqtisadi əməkdaşlıq platformalarının yaranmasına yol açır.

44 günlük Vətən müharibəsində Azərbaycan öz ərazi bütövlüyünü təmin etdikdən sonra regionda yeni reallıq yarandı. Bu yeni reallıq Cənubi Qafqaz regionunda davamlı sülhün əldə edilməsinə xidmət edəcək çoxtərəfli əməkdaşlıq formatlarını özündə ehtiva edir.

Təbii ki, Azərbaycan-Gürcüstan əlaqələrinin möhkəmlənməsi Azərbaycanın təmsil olunduğu əməkdaşlıq platformalarında Gürcüstanın da iştirakına yol açır. Paytaxtlarımızın qardaşlaşması həm də regionda davamlı sülhə töhfədir”.