Qoşulmama Hərəkatından Azərbaycana CİDDİ DƏSTƏK

 “Azərbaycana qarşı qərəzli qətnamələrin qəbul olunmasına imkan vermədi”

Azərbaycanın Qarabağ müharibəsində qazandığı zəfər, şübhəsiz ki, asan başa gəlmədi. Bu qələbədə hərbçilərimiz qədər, diplomatik əlaqələrimizin də rolu oldu. Xüsusilə 2019-cu ildən sədrlik etdiyimiz Qoşulmama Hərəkatının dəstəyini aydın hiss etdik. Sözügedən beynəlxalq təsisatın ayrı-ayrı vaxtlarda verdiyi bəyanatlar bunu təsdiqləyir.

 Millət vəkili Cavid Osmanov Qoşulmama Hərəkatının zəfərimizdəki rolu barədə “Sherg.az”a danışdı:

“Həmin qurum hələ müharibədən əvvəl Azərbaycanın ərazi bütövlüyünü tanımış və Ermənistanın torpaqlarımızı işğal etdiyini öz sənədlərində göstərmişdi. Müharibə dövründə BMT Təhlükəsizlik Şurasının bəzi üzv dövlətləri Azərbaycana qarşı qərəzli qətnamələr qəbul etmək istədilər.

Halbuki həmin sənədlər BMT-nin əvvəlki qətnamələrinə zidd idi.

Məhz Qoşulmama Hərəkatının üzvləri qətnamələrin qəbul olmasına imkan vermədilər. Bu, çox ciddi dəstək oldu. Belə ki, əks halda düşmənlər bizə qarşı ciddi təsir imkanı əldə etmiş olardılar.

Onu da deyim ki, sözügedən hadisələrin Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dönəminə düşməsi həm də prezidentimizin diplomatik məharətindən xəbər verir”.