Bu gün saat 10:00 radələrindən etibarən Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı baş verib. Naxçıvan istiqamətindəki mövqelərimiz atəşə tutulub. Bu barədə Əlahiddə Ümumqoşun Ordudan məlumat verilib.
Bölmələrimizin şəxsi heyəti və texnikasında itki və zərərçəkən yoxdur.
Düşmən cavab atəşi ilə susdurulub.
Mövcud durumu “Sherg.az”a şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun fikrincə, hərbi əməliyyatları davam etdirməliyik:
“Bəzilərilərimiz elə düşünürdük ki, 44 günlük müharibə ermənilərə dərs oldu və daha təxribat törətməyə qorxarlar. Baxmayaraq ki, çoxlu itki verdilər, texnikalarının yarıdan çoxunu itirdilər, ancaq yenə də nəticə çıxarmadılar.
Hətta böyük dövlətlərin əlində alətə çevriliblər, onlar da bu təxribatlara qəsdlə rəvac verirlər. Biz öz işimizi görməli, atəş nöqtələrini susdurmalıyıq.
Qarabağda hələ görəcəyimiz işlər çoxdur. Müharibədə qələbə çalsaq da, təəssüf ki, münaqişə bitməyib. Münaqişə o zaman bitəcək ki, Şuşanın kəndlərinə daxil olacağıq, Qarabağdakı bütün separatçıları tərkisilah edəcəyik, Qarabağdakı ermənilər Azərbaycan konstitutsiya və qanunları ilə yaşayacaqlar.
Laçın dəhlizi başda olmaqla bütün sərhədlərə nəzarət bizdə olduqda münaqişəyə son qoyulacaq. Bunları yerinə yetirməsək, belə təxribatlar davam edəcək”.