“Avropa Şurası ölkəmizə xüsusi önəm verir, çünki...”

“Azərbaycansız Cənubi Qafqazda hər hansı bir uğura imza atmaq mümkün deyil” 


Avropa Şurası (AŞ) prezidenti Şarl Mişel bu həftə Azərbaycana səfər edəcək. Ş.Mişel iyulun 16-da İrəvana yola düşəcək. O, iyulun 17-də İrəvanda, iyulun 18-də isə Bakıda ölkənin rəhbərləri ilə görüşlər keçirəcək.

Səfər zamanı Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsinə dair müzakirələr aparılacaq.

İyulun 19-da isə AŞ rəhbəri Gürcüstanın Avropa İttifaqına inteqrasiyasına dair 17-ci dəfə keçirilən Batumi Beynəlxalq Konfransına da qatılacaq.

Məlum səfərlə bağlı “Sherg.az”a danışan politoloq Natiq Miri vurğulayıb ki, AŞ prezidentinin Rusiya orbitindən uzaqlaşmaq istəyində olan ölkələrə səfəri qurumun bölgəyə xüsusi önəm verməsindən irəli gəlir:

“Səfər çərçivəsində üç Cənubi Qafqaz ölkəsi ziyarət olunacaq. AŞ Ermənistanın iqtisadi dirçəlişini təmin etmək üçün 1.5 milyard avro qrant ayırıb. Gələcək perspektivdə Ermənistanın iqtisadi dirçəlişini təmin etmək proqramı doğru yerinə yetirilərsə, bu məbləğin 2.6 milyard avroya qədər qaldırılacağı bildirilib. Sözügedən qurumun Cənubi Qafqazla bağlı ciddi xarici siyasi maraqları var. Əlbəttə, Ermənistanı iqtisadi yöndə dəstəkləməklə onu Rusiyanın orbitindən çıxarmaq hədəflənir. Çünki Avropa anlayır ki, Parlament seçkilərində qalib gələn Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi güc mərkəzi Rusiyanı o qədər də sevmir. Məhz Qərb institutlarının dəstəyi ilə hakimiyyətə gələn Paşinyan həqiqətən də ciddi dəstək olarsa, tədricən Rusiya orbitindən uzaqlaşmağa meyllidir. Bu xüsusda iqtisadiyyatı, hərbi durumu çökmüş Ermənistanı ayağa qaldırmaq bu gün AŞ sturukturları üçün prioritetə çevrilib. 2.6 milyard avro əslində cırtdan Ermənistan üçün böyük məbləğdir”.

N.Miri söyləyib ki, Azərbaycan getdikcə güclənən və Qərblə-Şərq, Şimalla-Cənub arasında yaradılan yeni kommunikasiya sistemlərinin qovşağında yerləşən geostrateji bir ölkədir:

“Ona görə də Azərbaycansız Cənubi Qafqazda hər hansı bir uğura imza atmaq mümkün deyil. Ona görə də AŞ dövlətimizə xüsusi önəm verir. Nəhayət, Avropa Birliyinin cənubi Qafqaza girişi olan Gürcüstanın da bu qurum tərəfindən dəstəklənməsi bundan sonra davam edəcək. Çünki Gürcüstan Avropa üçün xüsusi önəm daşıyır və Azərbaycanın Qarabağ problemi həll olunmuşkən, Gürcüstanın hələ də ərazi bütövlüyü ilə bağlı ciddi problemləri var. Bəzi standartlar var ki, onlar Gürcüstanda hələ də Avropa meyarlarına uyğun gəlmir. Ona görə də AŞ prezidenti hər üç ölkəyə səfər etməklə bu standartların tədricən Cənubi Qafqazda oturuşmasına çalışacaq. Fikrimcə, əsas danışıqlar da təxminən bu yöndə olacaq”.