Rusiya SSRİ-nin taleyini yaşaya bilər:“Ən böyük düşməni elə Kremldir”

“Bütün bunlar Rusiyanın həm dünyada, həm də elə MDB məkanında uğursuz, etibarsız, hətta təhlükəli tərəfdaş imicini yaradıb”


“Rusiyanın üzləşdiyi indiki situasiya daha çox iki önəmli siyasi-psixoloji amildən qaynaqlanır. Birincisi Kremldə hələ də çar Rusiyasının, Rusiya imperiyasının artıq çoxdan olmadığına tam "əmin" deyillər. Digər tərəfdən isə çar Rusiyasının varisi olan keçmiş SSRİ-nın süquta uğrayıb, dağıldığına da hələ tam inanmırlar, bu reallıqla tam şəkildə barışa bilmirlər”. 

Bu sözləri Rusiyanın hazırkı geosiyasi durumu barədə “Sherg.az”a danışan "Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli deyib.
 E.Xalidbəylinin fikrincə, şimal qonşumuz özünü SSRİ-nin varisi kimi aparır:

“Nəticədə Kreml beynəlxalq siyasi məkanda eynilə keçmiş keçmiş SSRİ kimi davranmağa çalışır. Keçmiş SSRİ-nin beynəlxalq hədəflərinə, prioritet maraqlarına bir qədər dəyişiklik etməklə, sahib çıxmağa cəhd göstərir. Bu isə dünyada, xüsusilə də, Avropada Rusiyanın keçmiş SSRİ kimi beynəlxalq təhlükə mənbəyi olaraq, qəbul edilir. Və bu səbəbdən də Kremlin dünyada siyasi iradəsinin güclənməsinin qarşısını almağa üstünlük verirlər. Kreml MDB məkanında da eyni siyasi davranış ənənəsinə sadiq qalmağa çalışır. Postsovet ölkələrinin müstəqil dövlət statusuna hörmətsiz yanaşır. Moskva hələ də qeyri-rəsmi olsa belə, keçmiş sovet respublikalarını Rusiyanın ərazisi hesab edir. Kremldə bu yanlış siyasi zehniyyətdən uzaqlaşmaqda, MDB ölkələri ilə bərabərhüquqlu münasibətlər qurmaqda çətinlik çəkir. Keçmiş MDB ölkələri ilə hər hansı sahədə əməkdaşlığa, hətta müttəfiqliyə belə, qarşı tərəfin Rusiyanın maraqlarına xidmət etməyə borclu olması kimi yanaşır”.

 Analitik şimal qonşumuzun öz ambisiyalarına qurban gedə biləcəyini istisna etmir:

“Bütün bunlar Rusiyanın həm dünyada, həm də elə MDB məkanında uğursuz, etibarsız, hətta təhlükəli tərəfdaş imicini yaradıb. Hazırda Kremlin MDB məkanında problemləri olmayan bir dövlət belə, yoxdur. Postsovet ölkələri arasında Rusiyaya ən yaxın dövlət Belarus sayılır. Rusiya hətta bu ölkə ilə də zaman-zaman ciddi problemlər yaşayır.

Hazırda ABŞ və Qərb ilə kəskin qarşıdurma vəziyyətində olan Rusiyanın tərəfdaşlıq edə biləcəyi iki ölkə - Çin və Türkiyə var. Ortaq maraqlar və oxşar problemlər bu ölkələrin bir-birinə yaxınlaşmasını stimullaşdırır. Ancaq qarşılıqlı etimad olmadığı üçün bu yaxınlaşmanın da müvəqqəti xarakter daşıdığı qətiyyən şübhə doğurmur.

Bütün bunlar onu göstərir ki, Kreml öz xarici siyasət ənənəsi ilə hazırda Rusiyaya ciddi ziyan vurur. Bu siyasət Rusiyanın iqtisadi-ticari maraqlarını da bloklayır. Hərbi-siyasi istiqamətdə də təklənməsinə səbəb olur. Belə davam edərsə, Rusiya dünyada heç bir dövlətin tərəfdaşlıq etmədiyi, öz sərhədləri içərisinə qapadılmış dövlətə çevrilə bilər. Bu halda, onsuz da durğunluq dövründən dərin böhran mərhələsinə keçməkdə olan Rusiya iqtisadiyyatı tamamilə çökər. Beləliklə, Rusiyanın təxminən oxşar səbəblərdən dağılmış keçmiş SSRİ-nin taleyini yaşaya biləcəyi qətiyyən istisna deyil. Bu baxımdan, hesab etmək olar ki, Rusiyanın dünyada ən böyük düşməni elə Kremldir”.