“Moskva mina xəritələrini İrəvandan alıb bizə verməlidir” - İmzası var!

“Təəssüf ki, nə İrəvan addım atır, nə də Moskva”

"Ermənistana təzyiq ediləcəyinə inanıram. Əks halda düşmən qələbəmizdən sonrakə yeni reallığı sabotaj etməyə çalışacaq”


Ermənistanın sərhədin müxtəlif istimaqamətlərində və digər ərazilərimizdə ard-arda törətdikləri təxribatlar Paşinyan iqtidarının bundan sonra Azərbaycanla loyal siyasət yeridəcəyi ilə bağlı iddiaları getdikcə daha çox şübhə altına salır. Bu isə o deməkdir ki, İrəvan minalı ərazilərin xəritəsini də asanlıqla Bakıya verməyəcək. Ən azında vermək istəməyəcək...

Politoloq Tural İsmayılov bu barədə “Sherg.az”a danışdı. Onun fikrincə, sözügedən məsələdəki qətiyyətli mövqeyimizi davam etdirməliyik: 

“Minalı ərazilərin xəritəsi ilə bağlı cəmiyyətimizdə ciddi narazılıq var idi. Prezident də dəfələrlə deyirdi ki, Ermənistanın inadkarlığı post-müharibə dövründəki sülh üçün təhlükədir. Gürcüstanın və Qərb istitutlarının vasitəçiliyi ilə Ağdamın, Rusiyanın vasitəçiliyi isə Füzuli və Zəngilanın xəritələrini almışıq. Düşmən digər ərazilərin xəritəsini verməməklə isə təkdə beynəlxalq hüququ pozmur, həm də bəşəri cinayət törədir. Çünki üçtərəfli razılaşmalardan sonra xeyli mülki insanımız minanın qurbanına çevrilib”.

T.İsmayılov, həmçinin Moskvanın proseslərdəki mövqeyindən söz açdı:

“Əlbəttə, Ermənistan məsuliyyət daşıyır. Rusiya sənədlərə qol çəkən üçüncü tərəf kimi xəritələri Ermənistandan alıb bizə verməli, fəallığını göstərməlidir. Lakin, təəssüf ki, nə İrəvan addım atır, nə də Moskva. Ermənistana təzyiq ediləcəyinə inanıram. Əks halda düşmən qələbəmizdən sonrakə yeni reallığı sabotaj etməyə çalışacaq. Bu isə təkcə Azərbaycan və Türkiyəyə deyil, eləcə də Rusiyanın timsalında üçüncü tərəflərə qarşıdır”.