Avropa İttifaqı sülhün əldə olunmasında ən maraqlı tərəfdir
"Avropa İttifaqının buna imkanı çatır və Ermənistana təzyiqlər edəcəksə, bu mümkündür"
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Cənubi Qafqaz turnesi çərçivəsində Ermənistana səfər edib. Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel Ermənistanda keçirdiyi mətbuat konfransında deyib ki, Avropa İttifaqı Cənubi Qafqazdakı problemlərin həllində daha fəal iştirak etməyə, eləcə də bölgə ilə əlaqələri gücləndirməyə hazırdır. Şarl Mişel bildirib ki, təmsil etdiyi qurum bölgəyə cəlb olunmaq, regional ölkələrlə əlaqələrini gücləndirmək və Şərq Tərəfdaşlığı sammitinə hazırlıq istiqamətində çalışmaq istəyir:
“Ümid edirik ki, minalanmış ərazilərin xəritələri Azərbaycana təhvil veriləcək, sərhədlərin demarkasiya və delimitasiyası prosesi başlayacaq. Ümidvarıq ki, danışıqlar yolu ilə iqtisadi inkişafa töhfə verəcək nəqliyyat kommunikasiyaları üzrə əməkdaşlıq barədə müzakirələrə başlamaq mümkün olacaq. Sülh danışıqları vacibdir. Avropa İttifaqı problemli məsələləri həll etmək və demokratik dəyərləri təbliğ etmək üçün konstruktiv tərəfdaş olmağa hazırdır”.
Politoloq Məhəmməd Əsədullazadə "Şərq"ə Avropa İttifaqının prezidenti Şarl Mişelin Cənubi Qafqaza səfərini şərh edib. O, qeyd edib ki, Şarl Mişelin Gürcüstan, Azərbaycan və Ermənistana səfərinin əsas məqsədi regionda post-münaqişə dövrünə uyğun olaraq əməkdaşlığı yeni bir inkişaf mərhələsinə qaldırmaqdır. Həmçinin, Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsi üçün əsas vasitəçi olmaqdır:
"Məhz İttifaq prezidentinin ilk səfərini Ermənistana etməsi, Baş nazir Paşinyan və Prezident Sarkisyanla danışıqlar aparması gözlənilir. Oradan da Azərbaycana gələrək Prezident İlham Əliyevlə görüşü gözlənilir. Avropa İttifaqı iki ölkə arasında sülh sazişinin imzalanmasına çalışır. Avropa İttifaqının buna imkanı çatır və Ermənistana təzyiqlər edəcəksə, bu mümkündür".
M.Əsədullazadə qeyd edib ki, Avropa İttifaqı burada əsas maraqlı tərəfdir: "Nə Rusiya, nə də ABŞ sülhün əldə edilməsində maraqlıdır. Məhz baş verənləri düzgün qiymətləndirən Avropa İttifaqı təşəbbüsü ələ alır. İki ölkə Avropa İttifaqı ilə sıx əməkdaşlıq münasibətlərinə malikdir. Əgər Ermənistan Rusiyanın təhriklərinə qarşı gəlib, Avropa İttifaqının təkliflərini qəbul edəcəksə, Azərbaycanla sülhün əldə edilməsi mümkündür. Azərbaycan Ermənistanla sülh müqaviləsinə hazırdır. Avropa İttifaqı Ermənistanla danışıqlar apardığı bir fonda sərhəddə atəşkəs mütəmadi pozulur. Rusiya göstərmək istəyir ki, heç bir tərəfin regionda sülhü əldə etməsinə imkan verməyəcək".