İranla İsrail arasında heç bir ciddi konflikt baş verməyəcək - Politoloq

 "Bu ölkələr dünyanın qarşısında oyun oynayırlar"

İran tezliklə nüvə silahı yarada bilər. İsrailin Müdafiə naziri Beni Qantz bu haqda həyəcan təbili çalaraq bildirib ki, ölkəsi mümkün hücuma hazırlaşmalıdır. Beni Qantz İsrail hərbçilərinin İranın nüvə obyektlərinin məhv edilməsi üçün xüsusi plan hazırladığına işarə edərək, hökumətə hərbi xərclərin artırılması və yeni müdafiə texnologiyalarının inkişafı üçün əlavə vəsaitin ayrılmasının zərurəti barədə eyham vurub.

Mövzu ilə bağlı BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov "Şərq"ə açıqlamasında bildirib ki, İranın nüvə proqramının əslində İsraildən çox türk və ərəb dünyasına qarşı yönəlik olduğu qənaətindədir. Politoloq diqqətə çatdırıb ki, məsələ ondadır ki, İran rejiminin göründüyü kimi heç də nə Amerika, nə də İsrailə qarşı ciddi planları var:



"İran elə siyasət aparır ki, sanki bu ölkələrlə düşməndir, amma gerçəkdə əsl məqsədlərini açıqlayaq. Belə ki, İran rejimi özünü İsrailə düşmən hesab edir və İsrailə qarşı Fələstində "Həmas" təşkilatına dəstək verməklə çalışır ki, İsrailin "genişləmə" siyasətinə mane olsun. Gerçəkdə olan isə necədir? İsrail dövlətinin 1948-ci ildə yaradıldığı ilk vaxtlarda olan ərazisi kiçik bir ərazi idi. Fələstinlilər isə ondan dəfələrlə çox ərazilərdə yaşayırdı. İndi isə bu, əksinə olub. Fələstin torpaqları kiçik bir ərazi kimi qalıb, hansı ki, bu torpaqlarda 5 milyondan çox fələstinli yaşayır. Niyə? Çünki İranın dəstək verdiyi "Həmas" təşkilatı İsrail ərazilərini raket atəşinə tutur. İsrail də bunu bəhanə edib, Fələstin torpaqlarını işğal edir. Eyni zamanda, Suriya, İordaniya, Misir torpaqları hesabına da böyüyür.

Və ya digər bir misal. İran Yəməndə "Husi" tayfalarına dəstək verir və husilər Səudiyyə Ərəbistanını raket atəşinə tutur. Bunu bəhanə edən Amerika da Səudiyyə Ərəbistanı qorumaq adı altında onlara silah satır və orada möhkəmlənir. Hər iki misaldan da göründüyü kimi, İran rejimi elə siyasət aparır ki, nəticəsi İsrail və Amerikanın planlarına xidmət edir. Bu misallarla İranda yaşayan soydaşlarımızın hüquqlarının pozulmasını, onların repressiyalara məruz qalmasını da əlavə etsək, İran rejiminin əsl məqsədi bəlli olur".

A.Qasımov əlavə edib ki, İran fars rejimi yaxşı başa düşür ki, həm Amerika, həm də İsraillə gizli də olsa əlaqələr nəticədə bir gün dayanacaq, həmin gün onlar türk və ərəb dünyası ilə baş-başa qalacaqlar. Həmin gün onları ancaq çəkindirici güc kimi nüvə silahı qoruya biləcək: "İranın nüvə silahı yaratmasının qarşısını almaq fikri ortaya çıxanda nüvə silahının əsas tərkib hissəsi uranın zənginləşdirilməsinin tibbi məqsədlərlə 2-4 faiz səviyyəsində olacağı deyilirdi. Sonra 20 faiz, indi isə 90 faizdən söhbət gedir. Və hətta artıq nüvə silahı üçün materialın hazır olduğu da deyilir. İndi burda məntiq haradadır? Əgər İran Amerika və İsraillə düşmən olsa idilər çoxdan İranın altını üstünə çevirərdilər. Deməli, bunlar yalan fərziyyələrdir və məqsəd qarşılıqlı qazanc əldə etməkdir. Hesab edirəm ki, İranla İsrail arasında heç bir ciddi konflikt baş verməyəcək. Bunlar dünyanın qarşısında oyun oynayırlar".