Rusiya taliblərlə əlaqə saxlayaraq və onları Əfqanıstan hökuməti ilə danışıqlara çağıraraq əslində BMT Təhlükəsizlik Şurasının qətnaməsinin müddəalarını yerinə yetirir.
Sputnik Azərbaycan bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Bir qədər öncə Rusiya Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, RF XİN-in ikinci Asiya departamentinin direktoru Zamir Kabulov bildirmişdi ki, Rusiya taliblərlə hələ yeddi il əvvəl əlaqə qurmağa başlayıb. Bu, regiondakı təhlükəsizliklə bağlı narahatlığın onların diqqətinə çatdırılması üçün idi və hazırda Moskva əfqan münaqişəsinin bütün tərəfləri ilə dialoq aparmağa qadirdir.
Zaxarova xatırladıb ki, 2020-ci ilin martında qəbul edilən qətnamədə əfqan münaqişəsinin tərəfləri arasında dialoqun təşviqi, prioriteti barədə, Rusiyanın da haqqında uzun illər danışdığı - ölkələrin bu danışıqlara yardım etməsi – barədə açıq-aşkar qeyd olunub.
“Bəli, doğrudan da Taliban* ölkəmizdə bir təşkilat kimi qadağan olunub. İş burasındadır ki, Rusiya dəfələrlə vurğulayıb ki, beynəlxalq terrorizmlə mübarizədə qətiyyətlidir və hər hansı terrorçu fəaliyyəti, o cümlədən Taliban hərəkatını qəbul etmir. Ancaq bir nüans da var – taliblərin hərəkatı əfqan dialoqunun tərəflərindən biridir, yəni Təhlükəsizlik Şurasının bütün ölkələri təşviq etməyə səslədiyi dialoqun bir hissəsidir”, - “Rossiya 1” telekanalına müsahibəsində Zaxarova deyib.
“Biz Təhlükəsizlik Şurasının qətnaməsini icra edirik. Biz onu ölkə olaraq dəstəklədik, onu praktikada gerçəkləşdiririk. Burada hansısa ziddiyyət yoxdur”, - Zaxarova əlavə edib.