Bunu APA-ya açıqlamasında Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Məlahət İbrahimqızı bildirib.
M. İbrahimqızı deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Şarl Mişelin təkbətək görüşü iki saat davam edib, aparılan danışıqlar Azərbaycan-Avropa İttifaqı münasibətlərinin geniş spektrini əhatə edib, siyasi əlaqələrdən məmnunluq ifadə olunub, ticarət əlaqələri, enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizi və nəqliyyat sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib, Cənubi Qafqazda əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparılıb. Şarl Mişelin region ölkələrinə səfərində protokol qaydalarına da tam riayət edilib, Azərbaycan, Ermənistan və Gürcüstana eyni vaxt ayrılıb: “Bunun özü də diqqət çəkən amildir. Məsələn, Almaniya kansleri Angela Merkel, o cümlədən Fransua Oland Fransa prezidenti olduğu dönəmdə regiona səfərləri zamanı bu balans gözlənilməmişdi. Şarl Mişel Azərbaycanın regionlarına da səfər edib, Şamaxıda olub, Cümə məscidini ziyarət edib. Bu, Avropa İttifaqı Şurası Prezidentinin Azərbaycan xalqının dəyərlərinə, İslam dininə hörmətinin göstəricisidir.
Şarl Mişel Azərbaycana səfəri çərçivəsində ölkəmizin inkişaf səviyyəsi və perspektiv inkişaf istiqamətləri ilə də tanış olub, “Azərkosmos” ASC-yə ziyarət, İpək yolu və Ələt Azad İqtisadi zonası ilə bağlı təqdimatda iştirak edib”.
Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü qeyd edib ki, Şarl Mişel nitqində “Dağlıq Qarabağ”, “status” kimi ifadələr də işlətməyib, hətta Ermənistanla Azərbaycan arasında hazırda olan bəzi məsələləri “mübahisə” adlandırıb: “Bu onu göstərir ki, Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni reallığı başa düşür və regionla bağlı siyasətində bu reallığı nəzərə alır. Bu, Şarl Mişelin nitqində də aydın hiss olundu. Beləliklə, Avropa İttifaqı Azərbaycanla münasibətlərinin hazırkı səviyyəsini, Azərbaycanın əhəmiyyətini və ikitərəfli əlaqələrin inkişaf perspektivini düzgün qiymətləndirir. Şarl Mişel nitqində Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi barədə danışıb. Digər tərəfdən, Şarl Mişelin simasında Avropa İttifaqının rəhbərliyi Azərbaycan cəmiyyətinin müasir inkişaf səviyyəsi, ölkəmizdə mövcud olan pozitiv mühitlə tanış oldu, mediaya, siyasi partiyalara ciddi basqıların hökm sürdüyü Ermənistandan fərqli olaraq, Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının, medianın azad mühitdə inkişaf etdiyini gördü. Erməni lobbisinin və Avropadakı ermənipərəst dairələrin təzyiqinə baxmayaraq, Avropa İttifaqı Azərbaycanla münasibətlərini düzgün qurur və olduqca pozitiv istiqamətdə inkişaf etdirir”.
M. İbrahimqızı Avropa İttifaqı-Azərbaycan münasibətlərinin gələcək inkişafı və gözləntilərə də toxunub: “Avropa İttifaqı Azərbaycanın işğaldan azad olunmuş ərazilərində “smart village” kimi müasir texnoloji əsaslara malik layihələrdə iştirak etməlidir. Növbəti addım kimi, Avropa İttifaqının Azərbaycana münasibətdə də sadələşdirilmiş viza rejimindən azad viza rejiminə keçməsi lazımdır. Eyni zamanda nəzərə alınmalıdır ki, İkinci Qarabağ müharibəsindən sonra ötən il 10 noyabr tarixli üçtərəfli razılaşmada əks olunduğu kimi, regionda bütün kommunikasiyaların açılması üçün yeni imkanlar yaranıb, Ermənistanın heç bir halda bu prosesə mane olmaq potensialı qalmayıb. Azərbaycanın prinsipiallığı da ortadadır. Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, indi sülh barədə düşünmək və səhifəni çevirmək vaxtıdır, biz buna hazırıq. Bu, Ermənistan üçün yeganə xilas yoludur. Bu baxımdan Avropa İttifaqı da Ermənistanı Azərbaycanla sülh sazişinə dair danışıqlara başlamağa sövq, məcbur etmək üçün imkanlarından istifadə etməlidir”.