İkinci Qarabağ müharibəsindən sonra ötən il 10 noyabr tarixli üçtərəfli Bəyanatda əks olunduğu kimi, regionda bütün kommunikasiyaların açılması üçün yeni imkanların yaranmasının qabardılması, həmçinin Ermənistanın heç bir halda bu prosesə mane olmaq potensialının qalmadığına dair Prezident İlham Əliyev tərəfindən şərhlər verilib.
Prezident İlham Əliyevin Azərbaycanın prinsipiallığının önə çəkilməsi, “indi sülh barədə düşünmək və səhifəni çevirmək vaxtıdır, biz buna hazırıq” bəyanatının Ermənistan üçün yeganə xilas yolu olması bütün regional və beynəlxalq təşkilatlar tərəfindən anlaşılır.
Bunu AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli bildirib.
O deyib: “Ermənistanın işğalçılıq siyasəti son 30 ildə nəinki Azərbaycana, bütövlükdə Cənubi Qafqaza, eyni zamanda, regional və qlobal münasibətlərə mənfi təsir göstərib. Çünki Qafqazın, ən əsası, Qarabağın əhəmiyyəti İstanbul boğazlarının, Süveyş kanalının oynadığı vacib rol qədər böyükdür. Birinci Qarabağ müharibəsinin yaratdığı bütün çətinliklərə rəğmən, Azərbaycanın tutduğu strateji mövqe, həm ümummilli lider Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin qəti siyasi iradəsi nəticəsində regionda status–kvo dəyişdirildi. Həmçinin torpaqlarımız işğaldan azad edildi, bütövlükdə Cənubi Qafqazın əsas hərbi gücü və iradəsinin Azərbaycana aid olması Vətən müharibəsi nəticəsində sübuta yetirildi”.
İndi regionun iqtisadi, strateji və kommunikasiya, nəqliyyat potensialının önə çıxmaqda olduğunu deyən mütəxəssis bildirib ki, Prezident İlham Əliyevin müdrik diplomatiyası nəticəsində ötən il noyabrın 10-da imzalanan və Ermənistanın kapitulyasiyasını rəsmiləşdirən Bəyanatda xüsusi bənd kimi Zəngəzur dəhlizinin açılmasına dair fəaliyyətin həyata keçirilməsi də ümumi baxışın əsas detalını təşkil edir. Sonra Azərbaycan Prezidenti bütün region ölkələrinin faydalana biləcəyi 3+3 formatını irəli sürməklə demək olar İranın, Gürcüstanın, Rusiyanın və Türkiyənin tam dəstəyini aldı. 10 noyabr razılaşmasına imza atan N.Paşinyan isə sələflərinin 30 illik səhvlərini aradan qaldırmaqla tarixə fərqli adla düşə bilər, bu nadir imkanı isə ona Azərbaycan verib.
Ümumiyyətlə, regionda Azərbaycanın başlatdığı proses qarşısıalınmazdır və mütləq həyata keçiriləcəkdir. Bu, artıq iki vacib nüansa söykənir: təhlükəsizliyin təmin edilməsi və investisiyaların cəlbi. Artıq bu yanaşma özünün ilkin bəhrələrini verməkdədir. Qarabağın bərpasında iştirak edən xarici ölkələrin sayı durmadan artmaqdadır. Üstəlik, “ağıllı kənd”lər qurulur, ən əsası, bu layihələr dayanqılı inkişafın bütün prinsipləri nəzərə alınmaqla həyata keçirilir. Azərbaycan başlatdığı iqtisadi əməkdaşlıq siyasətini Qarabağdan sonra Zəngəzura keçirəcək, bu, artıq lokal deyil, regional və qlobal mahiyyətə malik məsələyə çevriləcək.
“Son 30 il göstərdi ki, Ermənistan heç zaman hərbi yolla üstünlük əldə edə bilməyəcək. Çünki iqtisadi potensialı, əhalinin artım dinamikası çox aşağı həddədir, bu ölkədə siyasi sabitlik yoxdur, dövlətçilik isə məhv olmaq təhlükəsi ilə üz-üzədir. Rəsmi İrəvanın yeganə qurtuluşu Azərbaycanla əməkdaşlığa başlamaqdan, bütün iddialarından əl çəkməkdən və gecikmədən Zəngəzur dəhlizi üzrə işə başlamaqdan keçir. Hər itirilən gün Ermənistan üçün qaçılmaz fəlakətləri özü ilə daşıyır, onu səfalətə daha da yaxınlaşdırır. Dövlətimizin başçısının dediyi kimi, “Münaqişə artıq bitib, tez bir zamanda öhdəliklərin icrasına başlamaq lazımdır. Əks halda, biz onları buna məcbur da edə bilərik”. Yəni, bütün imkanlar yaradılıb, sadəcə, rəsmi İrəvan gecikmədən lazımi addımlar atmalıdır. Bütün hallarda “dəmir yumruq” yenidən endirilməyə hazır dayanıb”, - deyə Ə.Əzizbəyli qeyd edib.
Vurğulanıb ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri zamanı ölkə rəhbəri ilə görüşdə xüsusi olaraq regionda layihələrin, müharibədən sonra həyata keçiriləcək infrastrukturun qurulmasında Aİ-nın iştirakı geniş şəkildə müzakirə edilib.
Aİ ilə Azərbaycan planları, təşəbbüsləri və yeni yaranmış vəziyyətə yanaşmaları hərtərəfli müzakirə etməklə yanaşı, bölgədə geniş regional əməkdaşlığın təməlini qoymağa dair müzakirələr də apardı. Qeyd olundu ki, Avropa İttifaqı bu prosesdə çox mühüm rol oynaya bilər.
Münaqişənin bitməsindən sonra Aİ rəsmisinin səfərində aşkar şəkildə elan edilən “münasibətlərə strateji xarakter vermək” istəyi Azərbaycanın hazırda yürütdüyü regional dialoq və əməkdaşlıq siyasətinin dəstəklənməsi anlamına gəlir.
“Hazırda münasibətlər Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin əməl edilməsi prizmasından çox yüksək qiymətləndirilməkdədir. Belə ki, Azərbaycan və Ermənistanla bağlı vəziyyət Aİ-nin birbaşa maraq dairəsində olduğu üçün tərəflər regional vəziyyətin təhlilinə dair fikir mübadiləsi aparırlar. Mina xəritələrinin verilməsi, sərhədlərin delimitasiyası da əsas məsələlərdəndir və bunun üçün Avropa ekspert yardımını göstərməyə, lazım olarsa və arzu edilərsə, Avropa monitorinqini aparmağa hazırdır. Ən vacib nüans isə təbii ki, qurum rəhbərinin münaqişədən sonra müxtəlif sahələrdə regional əməkdaşlığın vacibliyinə dair fikirlərə geniş yer verməsidir. Enerji sektoru bütün regionda böyük inteqrasiya rolunu oynayır. Avropa İttifaqı daşımalarla bağlı regional əməkdaşlıq səylərində iştirak etmək, onu təşviq etmək arzusundadır. Yəni, Prezident İlham Əliyevin də dediyi kimi, artıq sülh vaxtıdır. Dayanıqlı sülhü rifah, sabitlik və təhlükəsizlik məqsədilə reallığa çevirmək üçün bütün tərəflər, o cümlədən Ermənistan da götürdüyü öhdəlikləri yerinə yetirməlidir”, - deyə Ə.Əlibəyli qeyd edib.