Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə telefonla danışıb. Hər iki ölkənin lideri müsəlmanların Qurban Bayramı münasibətilə qarşılıqlı olaraq bir-birilərini təbrik ediblər. Prezidentlər ikitərəfli əlaqələrin və regional məsələləri müzakirə ediblər. Prezident Ərdoğan bildirib ki, Ruhani ilə indiyədək davam edən yüksək səviyyəli əməkdaşlığı və dialoqu İranda prezident vəzifəsini öz üzərinə götürəcək yeni rəhbərliklə də davam etdirəcəklərinə inanır.
Politoloq Sədrəddin Soltan tərəflər arasındakı təmasları “Sherg.az”a şərh edib. Onun fikrincə, əməkdaşlıqlar bundan sonra da davam edəcək:
“Ankara ilə Tehran Cənubi Qafqaz, İraq, Suriya və digər bölgələrdəki durumla bağlı daimi müzakirə aparırlar. Təhlükəsiz zona elan edilən İdlibdə Bəşər Əsəd rejiminin hərbçilərinin fəallaşması narahatedicidir. Orada çoxlu sayda dinc əhalinin qətlə yetirilməsi müzakirə predmetlərindən biri ola bilər. Həmçinin, çox güman, Zəngəzur dəhlizi, Əfqanıstanda Talibanın hakimiyyətə gəlməsi ehtimalı barədə də danışılıb.”.
S.Soltanın fikrincə, Ruhani Ərdoğana təşəkkürünü bildirib:
“Avqustun əvvəlində İran prezidentinin səlahiyyət müddəti başa çatacaq. Ruhaninin indiyəqədərki qarşılıqlı əməkdaşlığa görə türkiyəli həmkarına minnətdarlıq bildirdiyini istisna etmirəm. Fikrimcə, tərəflər arasındakı birgə fəaliyyət bundan sonra da davam edəcək”.