Hakimiyyətin informasiyası daha dəqiq sayılır

"Taliban" hələ ki, beynəlxalq ictimaiyyət tərəfindən etimad qazana bilməyib

Ancaq informasiya savaşı mübarizəsində bütün dünya Əşrəf Qəninin legitim hakimiyyətini tanıyır


Ötən gün “AFP”ə Əfqanıstan Müdafiə Nazirliyinin nümayəndəsi Fəvad Aman deyib ki, "Taliban" radikal hərəkatının Əfqanıstan sərhədlərinin 90 faizinə nəzarət etdiyi barədə yayılan məlumatlar həqiqət deyil. O qeyd edib ki, bu cür informasiyalar yalan təbliğata xidmət edir. Nazirlik rəsmisi bildirib ki, nəzarət əfqan təhlükəsizlik qüvvələrinin əlindədir. 

Mövzu ilə bağlı Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan "Şərq"ə açıqlama verib. O qeyd edib ki, Əfqanıstanda hadisələrlə bağlı dəqiq məlumat əldə etmək çətindir:

"Çünki "Taliban" özünün üstünlüyünü, hakimiyyət isə gücsüz olmadığını göstərmək istəyir. Məsələn, bir müddət öncə "Taliban" elan etdi ki, Pakistanla Əfqanıstan sərhədindəki ən böyük gömrük məntəqəsini ələ keçiriblər. Lakin bir neçə gündən sonra hökumət qüvvələri elan elədi ki, Qəndəhar əyalətinin Spin-Boldak rayonunu "Taliban" qruplaşmasından təmizləyiblər. Bundan başqa "Taliban" bildirir ki, İran, Özbəkistan, Türkmənistan və Tacikistanla sərhədə tam nəzarət edirlər. Amma hökumət  bildirir ki, həmin sərhədlər hökumət qüvvələrinin nəzarəti altındadır. Düzdür, bir sıra rayonlarda "Taliban"la toqquşmalar var. Ancaq informasiya savaşı mübarizəsində bütün dünya Əşrəf Qəninin legitim hakimiyyətini tanıyır. Buna görə də daha çox onların rəsmi məlumatına inanmaq lazımdır". 

S.Soltan əlavə edib ki, "Taliban" hələ özünü doğrultmayıb:

"Taliban" dünyanın terrorçu təşkilatları siyahısından çıxarılmayıb. Ona görə də "Taliban"ın verdiyi bəyanatlar, dedikləri məsələlər nə etibarlı mənbə, nə də ki, rəsmi rəqəm sayıla bilər. Onlar özləri hələ ki, beynəlxalq ictimaiyyət tərəfindən etimad qazana bilməyiblər. Sual oluna bilər ki, hansı etimadı? O etimadı ki, doğrudan da Əfqanıstanı düşdüyü bataqlıqdan çıxara biləcək  bir qüvvədilər. Qeyd edim ki, onlar hakimiyyətdə olduqları 5 il müddət ərzində  bölgə ölkələri ilə bağlı bir sıra problemlər, narahatlıq yaradıblar. Həmçinin ölkə daxilində insanlara çox zülm ediblər. Odur ki, belə bir zülmkar qruplaşmanın verdiyi bəyanatlar hələ ki, gerçəkliyi, yaxud reallığı əks etdirmir. Yəni informasiya mənbəyi kimi "Taliban"a inam azdır. O, beynəlxalq ictimaiyyətin hələ ki etibarını qazana bilməyib. Amma Əşrəf Qəni hakimiyyəti rəsmi hakimiyyət olduğundan onun informasiyaları daha dəqiq sayılır".