"Moskva görüşündən sonra Rusiya rəhbərliyinin obyektiv açıqlamalarına baxmayaraq, Kreml iki ölkə arasında sülh sazişinin imzalanmasında maraqsızdır"
“Ermənistanın Kəlbəcər istiqamətində dövlət sərhəddində atəşkəsi pozması bir neçə prosesdən qaynaqlanır".
Bu sözləri MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloq daha ətraflı “Sherg.az”a danışdı:
“Birincisi, Azərbaycanın sərhəddə möhkəmlənməsinə mane olmaq. İkincisi, Fransa və Rusiyanın təhriki ilə Minsk Qrupu həmsədrləri çərçivəsində danışıqların bərpasına nail olmaq. Üçüncüsü Azərbaycanın tələblərinin əksinə olaraq böhranı davam etdirmək. Dördüncü isə beynəlxalq müstəvidə münaqişənin bitmədiyini və Azərbaycanın Ermənistan ərazisində olduğu görüntüsünü yaratmaqdır. Moskva görüşündən sonra Rusiya rəhbərliyinin obyektiv açıqlamalarına baxmayaraq, Kreml iki ölkə arasında sülh sazişinin imzalanmasında maraqsızdır. Məhz Rusiyanın müdafiə nazirinin müavini Ermənistanda olduğunu nəzərə alsaq, erməni silahlı qüvvələrinin atəşkəsi pozması təsadüfi deyil”.
M. Əsədullazadənin fikrincə, düşmən uğursuzluğa məhkumdur:
“Hazırda Azərbaycana ciddi təzyiqlər var. Cənubi Qafqazda Avropa İttifaqı, ABŞ, Rusiya, Fransa hətta İran da öz maraqlarını qabarıq göstərir. Və hər biri problemi körükləməklə öz mövqelərinə uyğun olaraq idarə etməyə çalışır. Ermənistanın mövqelərinə uyğun olaraq Azərbaycana təzyiq siyasəti həyata keçirilir. Məhz sərhəddə baş verənlər Ermənistana bu və ya digər müstəvidə siyasi dəstəyin nəticəsidir. Amma belə kimi siyasi dəstək Ermənistanı daha da daxili siyasi böhrana yuvarlanmasına səbəb olacaq. Bu təzyiqlər fonunda Türkiyə- Azərbaycan tandeminin proseslərdə uğurlu qalibiyyət əldə etməsi mümkündür. Ermənistanın bütün cəhdləri nəticəsiz qalacaq. Azərbaycanın Minsk Qrupunun fəaliyyətinə və digər şərtlərlə razılaşması gözlənilmir”.