“Odur ki, bütün kadrlar “ələkdən” keçirilməli, yalnız layiqlilər vəzifələrində qalmalıdırlar”
“Hətta bəzi ölkələrdə təkcə səfirlər deyil, bütün səfırlik işçiləri, o cümlədən müavinlər, müşavirlər yeniləri ilə əvəzlənməlidirlər”
Prezident İlham Əliyev bir çox ölkələrdəki səfirlərimizin dəyişilməsi ilə bağlı sərəncam imzalayıb. Belə ki, bundan sonra Rəşad Məmmədov Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışacaq. Anar Məhərrəmov ölkəmizi Estoniyada təmsil edəcək. Həmçinin Fuad İsgəndərov İsveçrədə, Xəzər İbrahim ABŞ-da, Elin Süleymanov Böyük Britaniyada bu vəzifəni icra edəcəklər.
Siyasi analitik Turab Rzayev sözügedən kadr islahatlarını “Sherg.az”a qiymətləndirdi. Onun fikrincə, bu, zəruri idi:
“Etiraf etmək lazımdır ki, XİN və bu qurumun kadrları bir çox tələblərə cavab vermirdilər. Hətta müharibə dövründə prezident özü də bu barədə narazılığını bildirmişdi.
Tovuz təxribatınının ardınca bir neçə xarici ölkədəki iğtişaşlar artıq SOS siqnalı idi. İdarəetmədəki problemlər aradan qalxmalı, kadrlar yenilənməli idi. Əlbəttə, tanınmış insanların, məmurların övladları, fərqli məbləğlər qarşılığında səfir təyin edilənlər sistemdən kənarlaşdırılmalı idilər”.
T.Rzayevin sözlərinə görə, islahatlar davamlı olmalıdır:
“Əlbəttə, bizim kifayət qədər səriştəli diplomatlarımız da var. Odur ki, bütün kadrlar “ələkdən” keçirilməli, yalnız layiqlilər vəzifələrində qalmalıdırlar. Hətta bəzi ölkələrdə təkcə səfirlər deyil, bütün səfırlik işçiləri, o cümlədən müavinlər, müşavirlər yeniləri ilə əvəzlənməlidirlər”.