26 iyul 2021-ci il tarixində xarici işlər nazirinin müavini Elnur Məmmədov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin üzvü, “Ermənistan və Azərbaycan arasında münaqişənin humanitar nəticələri” mövzusunda hazırlanacaq hesabatın məruzəçisi Pol Qavanın Azərbaycana səfəri çərçivəsində onunla görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı hazırlanacaq hesabatın əsas mövzusu, qarşıda duran məsələlərin siyasi həlli üçün perspektivləri, beynəlxalq ictimaiyyətin proseslərə cəlb olunması, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin dünyada mina ilə “çirkləndirilmiş” əsas ərazilərdən olması, məcburi köçkünlərin öz torpaqlarına qayıtması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AŞPA məruzəçisi Pol Qavan hazırladığı hesabatın münaqişənin məhz humanitar nəticələrini əks etdirməyə yönələcəyini diqqətə çatdırmış, səfəri çərçivəsində mümkün qədər ətraflı məlumat əldə edib hesabatın hərtərəfli hazırlanmasına səy göstərəcəyini qeyd edib.
Nazir müavini Elnur Məmmədov, eyni zamanda İrlandiya Senatının üzvü olan AŞPA deputatı Pol Qavanın yekun hesabatda sözügedən münaqişənin ağır nəticələri, Birinci Qarabağ müharibəsindən 4000-dək Azərbaycanlının itkin düşdüyü, bu dövr ərzində Azərbaycanlıların Ermənistan ərazisində və işğal edilmiş Azərbaycan ərazilərində etnik təmizlənməyə məruz qaldığı, nəticədə1 milyonadək Azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyinin diqqət yetirilməli məqamlar olduğunu vurğulayıb.
Məcburi köçkünlərin öz torpaqlarına qayıtması ilə bağlı hazırda əsas iki problemin - ermənilərin işğal dövründə Azərbaycan torpaqlarında bütün yaşayış infrastukturunu dağıdıb viran qoyduqları və bu ərazilərdə həm işğal dövründə, həm də 44 günlük müharibədən sonra Azərbaycan torpaqlarını tərk edərkən minalar yerləşdirdiyi, məhz bu səbəblərdən məcburi köçkünlərin öz yurdlarına təhlükəsiz şəraitdə qayıtması üçün müəyyən müddət tələb olunduğu – mövcud olduğu qarşı tərəfin diqqətinə çatdırılıb. Nazir müavini, beynəlxalq ictimaiyyətin bütün mina xəritələrini təqdim etməsi üçün Ermənistana təzyiq etməklə bu məsələdə yardımçı ola biləcəyini vurğulayıb.