Bu gün Azərbaycan və Serbiya XİN rəhbərləri arasında görüş baş tutub. Müzakirədən sonra keçirilən birgə mətbuat konfransında Serbiya XİN rəhbəri Nikola Selakoviç ölkəsinin Azərbaycanla strateji tərəfdaşlıq əlaqələrinə xüsusi əhəmiyyət verdiyini deyib: “Danışıqlarımız çox uğurlu keçdi, münasibətlərimizi daha da inkişaf etdirməklə bağlı qarşılıqlı istəyi təsdiqlədi. Serbiya Respublikası Azərbaycanla strateji tərəfdaşlıq əlaqələrinə xüsusi əhəmiyyət verir. Bu görüş hansı istiqamətdə irəliləməli olduğumuzu anlamaq baxımından gözəl fürsət oldu” – deyən serbiyalı nazir bu cür siyasi məşvərətlərin illik əsasda hər il keçirilməsini təklif etdiklərini bildirib.
“Bir çox sahələrdə əməkdaşlığımız indikindən daha geniş ola bilər. Bizim ölkəmizdə Azərbaycan şirkətləri çalışır, xüsusilə də infrastruktur layihələrində. Belə şirkətlərdən biri “Azberg”dir” – deyə, N.Selakoviç qeyd edib.
XİN rəhbəri iki ölkənin eyni dəyərləri rəhbər tutduğunu da dilə gətirib:
“Bunlar beynəlxalq hüquq, suverenliyə dəstək və sərhədlərin toxunulmazlığıdır".
MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə “Sherg.az”a açıqlamasında tərəflər arasındakı əlaqədən söz açdı:
“Müharibə vaxtı Serbiya Ermənistana dəstək verirdi. Lakin separatizm üzərində qazandığımız qələbə Serbiyanın diqqətini çəkdi. Çünki bu dövlət də analoji halla üzləşib. Belə demək mümkünsə, biz Serbiyaya stimul verdik. Müharibədən sonra Serbiya dövlət başçısının İlham Əliyevlə əlaqə saxlaması bir növ üzrxahlıq idi. İndi isə həmin dövlət Qarabağdakı yenidənqurma işlərində iştirak etmək istəyir. Serbiya bizimlə tərəfdaşlıqda, xüsusilə iqtisadi əməkdaşlıqda maraqlıdır”.