Qələbə və inkişafa hədəflənmiş siyasət gələcəkdə ölkəmizin təbliğatının daha da güclənməsinə imkan yaradacaq
İqtisadi potensialımız gələcəkdə imkan verəcək ki, xarici ölkələrdə xarici siyasi təmsilçilərimizin sayı çox olsun
Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun lider dövlətinə çevrilən Azərbaycan davamlı inkişaf və tərəqqi dövründədir. Onun rəhbərliyi ilə Azərbaycanın inkişafı və güclənməsi üçün zəruri olan bütün addımlar atılıb. Cənab prezidentin həyata keçirdiyi ardıcıl və sistemli islahatlar, daxili və xarici siyasət nəticəsində ötən il əzəli Azərbaycan torpaqları işğaldan azad olundu. İlham Əliyevin apardığı daxili və xarici siyasət ölkəmizin mənafelərinin bütün beynəlxalq təşkilatlarda və dövlətlərarası münasibətlərdə cəsarətlə qorunmasına, xalqın böyük etimad və hörmətinin qazanılmasına gətirib çıxarıb. Qeyd edək ki, 2010-2020-ci illər ərzində Azərbaycanın xarici siyasət sahəsində mühüm uğurlar əldə olunub.
Cənab prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə mötəbər əhəmiyyətli regional və qlobal müstəsnalıq kəsb eləyən tədbirlər həyata keçirilib. Bu tədbirlər daha çox ölkəmizin diplomatik siyasi müstəvidə mövqelərinin möhkəmlənməsinə xidmət edib. Həmçinin, Azərbaycanda multikulturalizmin ənənələrinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində sivilizasiyalararası forumlar, humanitar forumlar və digər bu səpkidə olan tədbirlər keçirilib. Bu tədbirlər ölkəmizdə olan tolerantlıq mühitinin birgə yaşayış qaydalarının tarixə söykəndiyini və heç bir etnik, dini zəmində münaqişənin olmadığı haqqında məlumatlar siyasi ekspertlərə, bu sahədə tədqiqat aparan şəxslərə, dövlət və hökumət başçılarına çatdırılıb.
Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov “Şərq”ə 2010-2020-ci illər üzrə İlham Əliyevin qələbə və inkişafa hədəflənmiş siyasətindən danışıb. O qeyd edib ki, bu illər ərzində Azərbaycanın xaricdə çoxsaylı səfirlikləri, fəxri konsulluqları açılıb:
“Təbii ki, bu, ölkəmizin xaricdə təbliğat işinin möhkəmləndirilməsinə xidmət edən addımlardan biridir. Bununla yanaşı, həm də xaricdə yaşayan vətəndaşlarımızın hüquqlarının qorunması baxımından mühüm aktuallıq kəsb edir. Digər tərəfdən bir ölkənin səfirliklərinin sayının çox olması həmin dövlətin iqtisadi qüdrətinin göstəricisidir. Qeyd edim ki, 1991-ci ildə Azərbaycan öz müstəqilliyini qazananda onun xaricdə səfirliklərin açılması və onların maddi, texniki təchizatının qurulması üçün o qədər də maddi vəsaiti yox idi. Bilirsiniz ki, səfirliklərin açılması böyük maliyyə vəsaitləri hesabına başa gəlir. Eyni zamanda səfirliklərin olması həmin ölkə ilə siyasi münasibətlərin ən yüksək səviyyədə olmasından asılıdır. Cənab prezidentin təşəbbüsü ilə diplomatik kanallar vasitəsilə müxtəlif yazışmalar həyata keçirilib və xarici ölkələrdə bir sıra səfirliklərimiz açılıb. Həmçinin, ölkəmizin artan regional və qlobal əhəmiyyətini nəzərə alan digər geosiyasi aktorlar da ölkəmizdə çoxsaylı səfirliklərin açılmasına təşəbbüs göstəriblər. Bu da təbii ki, Azərbaycanın geosiyasi baxımdan regionda əhəmiyyətinin göstəricisidir”.
Politoloq qeyd edib ki, xarici siyasət sahəsində iqtisadi dividendləri özündə ehtiva edən siyasətin həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir:
“Müasir beynəlxalq münasibətlər sistemində iqtisadi diplomatiyanın mühüm önəmi var. Qeyd edim ki, bir sıra xarici səfirliklər ölkəmizə sərmayələrin cəlb olunmasında yaxından iştirak edir. Bu günləri xaricdə ticari iqtisadi münasibətlərdə novator olan və müasir informasiya telekommunikasiya sahəsində böyük uğurlar qazanmış ölkə şirkətlərinin təcrübəsinin Azərbaycanda tədqiqi istiqamətində işlər aparılır. İqtisadi potensialımız gələcəkdə imkan verəcək ki, xarici ölkələrdə xarici siyasi təmsilçilərimizin sayı çox olsun. Bununla da diplomatik korpusların sayı genişlənəcək. Bu da gələcəkdə ölkəmizin təbliğatının daha da genişlənməsinə imkan yaradacaq”.