"Bunu bilən İran rəhbərliyi qəti addımlar atmaq üçün keçmişi əliqanlı Rəisini dövlət başına gətirib”
İranın vəzifə müddətini başa vurmaqda olan Prezidenti Həsən Ruhani parlamenti ölkəyə qarşı iqtisadi sanksiyaların aradan qaldırılmasına mane olmaqda günahlandırıb. İranın "Tasnim" agentliyi məlumat yayıb ki, İran parlamentinin rəyasət heyəti İran və ABŞ hökumətləri arasında birbaşa danışıqların keçirilməsinin məhdudlaşdırılması barədə qanun layihəsini nəzərdən keçirir. Qanun layihəsinə əsasən, hökumət danışıqların mövzusunu parlamentlə razılaşdırmalı və onun icazəsini almalıdır.
Ruhanı bəyan edib ki, əgər biz keçmiş ABŞ Prezidenti Donald Trampın hökuməti zamanında sanksiyaların qaldırılması üzrə hansısa addım atmaq istəsə idik, bu barədə qərarı bütün hakimiyyət sistemi qəbul etməli idi: "Hökumət təkbaşına bunu edə bilməz, İran parlamentinin qərarları isə sanksiyaların qaldırılması prosesinə mane olurdu. ABŞ və İran arasında münasibətlər 40 il əvvəl pozulub. Həmin vaxtdan etibarən Vaşinqton mütəmadi olaraq İrana qarşı ticarət-iqtisadi sanksiyalar tətbiq edir. 2005-2013-cü illərdə vəziyyət daha da kəskinləşib, həmin vaxt İranda nüvə proqramının tammiqyaslı inkişafı başlayıb. Bu, İran maliyyə sektoruna qarşı yeni sanksiyaların tətbiqinə gətirib. Nəticədə İran iqtisadiyyatı iflas həddinə çatıb".
Mövzu ilə bağlı "Şərq"ə fikirlərini dəyərləndirən BAXCP sədrinin müavini, politoloq Azər Qasımov deyib ki, Ruhani mühafizəkar qanadın təmsilçisi kimi özünün və liderlik etdiyi qanadın fəaliyyətinin qənaətbəxş olmamasını parlamentin üstünə yıxmağa cəhd edir:
"Pandemiyadan bir müddət əvvəl İran iqtisadiyyatının və milli valyutasının düşdüyü aciz durum məlum idi. Trampın Obama dövründə İranla əldə edilən razılaşmaları ləğv etməsi və sanksiyaları kəskinləşdirməsi İran iqtisadiyyatını iflas həddinə gətirmişdi. Ruhani də ölkə başçısı kimi bu dövrdə vəziyyətdən çıxmaq üçün heç bir addım ata bilməmişdi. Buna baxmayaraq mühafizəkar qanadın yenidən hakimiyyətə gəlməsi xalqın yox, İranın siyasi rəhbərliyinin fəaliyyətinin nəticəsidir. Bu baxımdandır ki, dini lider Xomenei vəzifəyə daha qatı mühafizəkar Rəisinin gəlməsini təmin etdi ki, xalqın etirazlarının qarşısını alsın. İran xalqı hazırda ayaq üstündədir və su yoxluğunu bəhanə edib, Əhvaz bölgəsi ərəblərin və Cənubi Azərbaycan türkləri öz etirazını bildirir".
A.Qasımov hesab edir ki, İran dövləti çox böyük dəyişikliklərin astanasındadır:
"Bunu bilən İran rəhbərliyi də qəti addımlar atmaq niyyətindədir ki, keçmişi əliqanlı Rəisini dövlət başına gətirib. Rəisinin daxili işlər naziri olan vaxtlarda "cəllad" ləqəbi alması, onun narazı xalqa qarşı olan niyyətini bəlli edir".