İndi onun əsas vəzifəsi barışdan başqa yol olmadığını cəmiyyətə izah etməkdir
Erməni KİV-lərində yayılan məlumata görə, Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsini imzalamağa hazırlaşır. Bununla da o, Qarabağı birmənalı şəkildə Azərbaycan ərazisi olduğunu rəsmi şəkildə qəbul edəcək.
Mövzu ilə bağlı siyasi şərhçi Rusif Məmmədsoy "Şərq"ə açıqlama verib. O qeyd edib ki, əslində bu, gözlənilən idi: "Azərbaycanın məcburetmə əməliyyatları öz bəhrəsini verməkdədir. İlham Əliyev və Vladimir Putin arasındakı Moskva görüşündən sonra çoxları bu anın yetişdiyini düşünürdü. Görüş sonrası iki ölkə başçısının mimikaları və s. görüşün iki tərəf üçün də yaxşı keçdiyini göstərdi. Sadəcə bu da deyil.
Putin Zəngəzur dəhlizinin açılmasını qətiyyətlə dəstəklədiyini bildirdi və bu bizim üçün çox vacib idi. Qeyd edim ki, bununla Azərbaycan və Türkiyə arasında quru sərhəd bərpa olunacaq. Həmçinin, regional layihələr yaxın illərdə işə düşəcək ki, bu da hər kəs üçün sərfəlidir".
R.Məmmədsoy əlavə edib ki, hazırda sərhəd bölgəsində baş tutan qarşıdurmalar Paşinyana sərf edir:
"Nikol sülh müqaviləsini dəstəkləyir. Lakin ona maneə olan qüvvələr var. İndi isə vəziyyət fərqlidir. Əsas sual Nikol bunu cəmiyyətə necə izah edəcək. Xatırlayırsınızsa, sentyabr ayında başlayan İkinci Qarabağ savaşı zamanı Nikol Paşinyan parlamentdə çıxışı zamanı belə söyləmişdi. "Biz bacarmayacağıq. İndidən anlaşmaya imza ataq və dağıntılardan xilas olaq. Razısınızmı?" O zaman razı olmadılar. Nəticədə ağır itkilərə məruz qaldılar. Faktiki olaraq ordu, hərbi texnika məhv edildi, müqavimət qırıldı. İndi isə əlverişli şərait yaranıb ki, Nikol Paşinyan cəmiyyəti inandıra bilsin ki, məhv olmaq təhlükəsi ilə üz-üzəyik. Bundan sonra artıq Ermənistan tərəfi həm Azərbaycana, həm də Türkiyəyə olan torpaq iddialarından əl çəkməli, regional layihələrin iştirakçısı kimi pullar qazanaraq iqtisadiyyatını dirçəltmək haqqında düşünməlidir. Bundan başqa alternativ yol yoxdur".