"Sözügedən sənəd “Şuşa Bəyannaməsi” qədər əhəmiyyətlidir”
Bu gün Türkiyə, Azərbaycan və Pakistan parlamentlərinin sədrləri Mustafa Şentop, Sahibə Qafarova, Əsəd Qayseri arasında birinci üçtərəfli toplantı başlayır. Toplantının yekun sənədi olaraq “Bakı bəyannaməsi” imzalanacaq. Sabah Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək. Mustafa Şentop səfər çərçivəsində Füzuli və Şuşa şəhərlərinə səfər edəcək.
Millət vəkili Məlahət İbrahimqızı üçtərəfli əlaqələr barədə “Sherg.az”a danışdı:
“Bizim tərəfdaşlığımızın tarixi kökləri var. Xüsusilə ikinci dəfə müstəqillik əldə etdikdən sonra əlaqələrimiz bir az da dərinləşdi. Torpaqlarımızın işğal altında olduğu otuz il ərzində Pakistan eyni ilə Türkiyə kimi açıq mövqe sərgilədi, konkret bəyanatlar verdi. Pakistan indiyədək Ermənistanın müstəqilliyini tanımır. Bundan sonrakı münasibətlər İrəvanın Azərbaycan və Türkiyəyə qarşı ritorikasından asılı olacaq”.
M. İbrahimqızı, həmçinin “Bakı bəyannaməsi”nin əhəmiyyətindən söz açdı:
“Bu sənəddə bizim strateji müttəfiqliyimiz, dostluğumuz öz əksini tapacaq. Eyni zamanda “Bakı bəyannaməsi” gələcək əməkdaşlığımızın “yol xəritəsi” olacaq, qardaşlığımızı sarsılmaz və davamlı edəcək. Bu mənada sözügedən sənəd “Şuşa Bəyannaməsi” qədər əhəmiyyətlidir”.