Dünən Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ölkəmizdə səfərdə olan Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Numan Kurtulmuşun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamlayan Tahir Budaqov Azərbaycan-Türkiyə münasibətlərinin keyfiyyətcə yeni müstəviyə yüksəldiyini bildirib. Bu münasibətlərin hərtərəfli inkişafı hər iki ölkənin prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın yüksək səylərinin nəticəsidir. Azərbaycanla Türkiyə arasında əlaqələrin əhəmiyyətindən danışan YAP Sədrinin müavini qarşılıqlı münasibətlərin ümummilli liderimiz Heydər Əliyevin dediyi “bir millət, iki dövlət” fəlsəfəsi əsasında inkişaf etdiyini vurğulayıb. Onun sözlərinə görə, bu gün iki dövlətin münasibətləri strateji tərəfdaşlıq səviyyəsindən qardaşlıq münasibətlərinə yüksəlib:
“Prezidentimiz İlham Əliyevin vurğuladığı kimi dünyada Azərbaycan-Türkiyə qədər bir-birinə yaxın, qardaş ölkə yoxdur. Biz siyasi partiyalar olaraq dövlət başçılarının qardaşlıq münasibətlərini örnək götürərək əlaqələrimizi daha da gücləndirməyi, inkişaf etdirməyi qarşıya məqsəd qoymuşuq. Bu ilin iyun ayında YAP nümayəndə heyətinin Ankaraya səfəri zamanı əməkdaşlığa dair niyyət protokolu imzalandı. Bu sənəddə nəzərdə tutulan məsələlərin reallaşması üçün bundan sonra fəaliyyətimizi daha da gücləndirəcəyik”.
Millət vəkili Cavid Osmanov partiyalararasındakı əlaqələr barədə fikirlərini “Sherg.az”la bölüşdü:
“Bu, çox əlamətdar hadisədir. “Şuşa Bəyannaməsi”ndən sonra müttəfiqliyimiz təsdiqləndi. İndi bizim münasibətlərimiz tarixdə ən yüksək həddə çatıb. Əlbəttə, bunun arxasına dövlət başçılarının birgə səyləri, çox ciddi fəaliyyət dayanır. Odur ki, partiyalararasındakı əlaqələr zərurətdən doğan fəaliyyətdir. Məlum olduğu kimi, bir neçə gün öncə YAP nümayəndələri Türkiyədə səfərdə olmuşdular. Qarşılıqlı səfərlər Azərbaycanla Türkiyə arasında formalaşmaqda olan yeni mərhələyə çox mühüm töhfədir”.