Prezident İlham Əliyev bir çox ölkələrdəki səfirlərimizin dəyişilməsi ilə bağlı sərəncam imzalayıb. Belə ki, bundan sonra Rəşad Məmmədov Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışacaq. Anar Məhərrəmov ölkəmizi Estoniyada təmsil edəcək. Həmçinin Fuad İsgəndərov İsveçrədə, Xəzər İbrahim ABŞ-da, Elin Süleymanov Böyük Britaniyada bu vəzifəni icra edəcəklər.
Politoloq Natiq Miri “Sherg.az”a açıqlamasında islahatları belə qiymətləndirdi:
“Kadrlar, xüsusilə diplomatlar daim bir yerdə qalanda dinamiklik azalır, inkişaf olmur. Onlar üçün fərqli mühit yaradılmalıdır. İndi vəzifələri dəyişən kadrlar üçün yeni mərhələ başlayır. Bu, onların özünə də yaxşıdır. Bəzilərinin geri çağırılandan sonra yeni vəzifəyə təyin olunmamaları da təbiidir. Çünki diplomatik korpusumuzda keçmiş XİN-in “tör-töküntüləri” var. Onlar Azərbaycanın diplomatik siyasətinə uyğun davrana bilmirlər”.
N.Mirinin fikrincə, proses davam etməlidir:
“Hücum xarakterli xarici siyasəti təmin etməyimizdən ötrü yenilənmələrə ehtiyac var. Kadr islahatları doğru addımdır. Amma yetərli deyil. “Təmizləmələr” davam etməlidir- XİN-in Mərkəzi Aparatından tutmuş digər ölkələrdəki diplomatik korpuslaradək. Bizim savadlı, ixtisaslı gənclərimiz kifayət qədərdir. Onlardan yararlanmaq lazımdır. Hər halda bundan əminəm: islahatlar köklü yox, pərakəndə olduğu müddətcə mahiyyət etibarı ilə hansısa dəyişikliyə nail olmaq mümkün deyil”.