Azərbaycanın hərbi müstəvidə əldə etdiyi qələbə, şübhəsiz, çox ciddi diplomatik gedişlərə əsaslanır. Belə ki, dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev uzun illər Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə bağlı beynəlxalq aləmdə çıxışlar edib, haqq səsimizi yüksəldib.
2019-cu ildə keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyası, həmin il təşkil olunan MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən zirvə görüşü, Münhen Təhlükəsizlik Konfransı (2020) və digər beynəlxalq tədbirlər məhz bu baxımdan səciyyəvidir.
Həmin konfranslarda Prezidentin çıxışlarının hər biri böyük qələbə istiqamətində atılan bir addım idi.
Millət vəkili, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bu barədə “Sherg.az”a danışdı. Onun fikrincə, hazırkı nailiyyətlər vaxtı ilə atılan addımların nəticəsidir:
“Azərbaycanın bu günkü təhlükəsizlik sistemi, regionda sabitliyin formalaşması istiqamətində əldə edilən nəticələr və digə nailiyyətlər uğurlu xarici siyasətimizin nəticəsidir. Biz ayrı-ayrı dövlətlərlə əməkdaşlıq nəticəsində mühüm layihələrə imza atmışıq.
Bütün beynəlxalq platformalarda tərəfdaşlığı əsas prinsip kimi göstərmiş, bölgədə beynəlxalq hüququn bərqərar olunmasını təmin etmişik.
Qoşulmama Hərəkatına sədrlik dövründə imkansız ölkələrə dəstəyimiz və beynəlxalq hüquq normalarına sadiqliyimiz nəticəsində dünya ictimaiyyəti arasında nüfuzumuz artıb”.