“İranda baş verənlər adi su qiyamı deyil” – AKTUAL

“Sosial problemlərin təzahürüdür”

“Sanksiyalar, pandemiya sosial vəziyyəti pisləşdirib”

“Hakimiyyət əlindəki pulu müxtəlif ölkələrdəki tərəfdarlarına ayırır. Beləliklə, sosial problemlər həll olunmamış qalır”


İranın Xuzistan əyalətində baş qaldıran su qiyamı artıq, demək olar ki, ölkənin bütün bölgələrinə yayılıb. “Azad İran” “Telegram” kanalı xəbər verir ki, İranın Qüds şəhərində də artıq insanlar rejimə qarşı etiraz mitinqlərinə hazırlaşır. Buna görə şəhərə çox sayda təhlükəsizlik qüvvələri və hərbi texnika yeridilib.

Sakinlərin çəkdiyi bir videoda İran polisinin mümkün etirazlara nəzarət edə bilmək üçün havaya helikopter qaldırdığı müşahidə edilir.



Politoloq Sədrəddin Soltan cənub qonşumuzdakı mövcud vəziyyəti “Sherg.az”a şərh etdi:

 “Bu, adi su qiyamı deyil. Sosial problemlərin təzahürüdür. Sanksiyalar, pandemiya sosial vəziyyəti pisləşdirib. Hakimiyyət əlindəki pulu müxtəlif ölkələrdəki tərəfdarlarına ayırır. Beləliklə, sosial problemlər həll olunmamış qalır”.

S.Soltanın sözlərinə görə, proseslər ciddi nəticələrə səbəb olmayacaq: 

“Su qıtlığı yeni məsələ deyil. Hələ iyirmi il əvvəldən Urmiya gölünün quruması ilə bağlı həyəcan təbili çalınmışdı. Lakin hakimiyyət buna məhəl qoymadı. İndi insanlar müxtəlif siyasi şüarlar səsləndirir, siyasi hakimiyyət qarşısında tələblər qoyurlar.

Amma inqilab olmayacaq. Çünki güc strukturları iqtidarın arxasındadır. Hakimiyyət isə öz növbəsində təqib və təzyiqlərdən əl çəkməlidir. Əks halda bu, ona baha başa gələcək”.