Turab Rzayev: "Hökumət "Taliban"ın çox sürətlə yerdə qalan əraziləri işğal etməyindən və onların qisas əməliyyatlarından çəkinir"
Əfqanıstanın Xarici işlər naziri Məhəmməd Hənif Atmar “İzvestiya” nəşrinə müsahibəsində deyib ki, Əfqanıstan hökuməti müəyyən şərtlər əsasında “Taliban” hərəkatı ilə sülhə hazırdır. Onun sözlərinə görə, “Taliban” qruplaşması terrora dəstək verməyi dayandırmalıdır. Nazir qeyd edib ki, onlar "Taliban"la işləməyə, onların hökumətdə təmsil olunmalarına, onlarla barışmağa və hakimiyyəti bölməyə hazırdılar:
"Bunun üçün çox şərtimiz yoxdur, əslində yalnız bir şey var - ölkə daxilində Əfqanıstanın gələcəyi əfqan xalqının azad iradəsi ilə həll edilməli, xarici sərhədlərdə Əfqanıstan başqa heç bir ölkəyə təhlükə yaratmamalı, ölkədə bir dənə olsun belə xarici terrorçu olmamalıdır”. Nazir əlavə edib ki, Əfqanıstan bütün ölkələrlə əməkdaşlığa hazırdır: “Əfqanıstanın qarşıdurma və rəqabət məkanı deyil, əməkdaşlıq məkanına çevrilməsini istərdik. Əfqanıstan bütün ölkələrə tərəfdaşlıq təklif edir”.
Məsələ ilə bağlı siyasi analitik Turab Rzayev "Şərq"ə şərhində bildirib ki, əslində mərkəzi hökumət "Taliban"la sülhə hazır deyil. Sadəcə olaraq, onunla anlaşmağa məcburdur:
"Hazırda görünən odur ki, hökumət məğlub olur və mövqeyini itirir. Həmçinin, getdikcə tərəfdarlarının sayı da azalmaqdadır. Məhz bu səbəbə görə, hökumət "Taliban"a sülh təklif edir. Qeyd edim ki, "Taliban" hazırda çox güclüdür və hökumət ona müqavimət göstərə bilmir. Bu günlər "Taliban" ölkənin əksər hissələrini ələ keçirib və keçirməkdə də davam edir. Ölkənin xarici sərhədlərini belə "Taliban" artıq öz nəzarəti altına alıb. Hesab edirəm ki, "Taliban" əslində bu sülhə razılaşmayacaq. Çünki onun şərti açıq aydındır. İndiki hökumət istefa verməli və yeni hökumət seçilməlidir. "Taliban" bəlkə də o hökumətlə koalisiyaya razı ola bilər və birgə təmsil olunar. İndiki hakimiyyətlə isə "Taliban"ın barışmaq üçün heç bir motivi yoxdur. Açıq şəkildə özləri də bunu etiraf edirlər ki, onlar indiki hökumətlə heç bir şəkildə barışmayacaqlar. Ona görə də hökumət qeyd-şərtsiz istefa verməlidir".
T.Rzayev əlavə edib ki, "Taliban" getdikcə gücünü artırır, mərkəzi hökumət isə məğlub olur:
"Təbii ki, belə bir halda "Taliban" hökumətlə niyə barışsın? Yəni onun burda barışmaq üçün heç bir marağı yoxdur. Bəs hökumət nədən çəkinir? Hökumət "Taliban"ın çox sürətlə yerdə qalan əraziləri işğal etməyindən və onların qisas əməliyyatlarından çəkinir. Hazırda hökumətin əlində müəyyən vilayətlər, şəhərlər və paytaxt var.
Ona görə də çalışır ki, bu şəkildə ən azından müəyyən sülh əldə olunsun və hadisələri dondursun. Əgər mərkəzi hökumət bunları da itirsə, artıq o zaman "Taliban"la hər hansı saziş bağlaya bilməyəcək. Həmçinin, hansısa şəkildə müqavimət göstərməyə də imkanı olmayacaq. Hökumət mümkün olan ən ideal variantda özünü sülhə saxlamaq istəyir və əsas plan da budur".