Borçalı türkləri fəallaşırlar:“Yerli dili öyrənib siyasətə...” 

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Barışıq və Vətəndaş Bərabərliyi üzrə dövlət naziri Aparatının 10 illik failiyyət planının təqdimatında çıxış edib. O, deyib ki, bu gün bir çox vətəndaşlarımız gürcücə nə danışa, nə də yaza bilir. Bu, çox ağrılıdır və əlbəttə, problemdir
Onun sözlərinə görə, konkret vəzifələrdən biri 2030-cu ilə qədər Gürcüstanın bütün vətəndaşlarının gürcücə sərbəst danışmasına nail olmaqdan ibarətdir: “Mən burada etnik azərbaycanlılar olan uğurlu parlament üzvlərini görürəm. Onlar gürcü dilində səlis danışırlar. Belə uğurlu gəncləri parlamentdə və nazirliklərdə nazirlər, nazir müavinləri və digər yüksək vəzifələrdə daha çox görmək istəyirəm. Bunun üçün ilkin şərtlərdən biri bütün vətəndaşlarımızın gürcü dilini öyrənməsidir”.

İ.Qaribaşvili qeyd edib ki, gürcü dilinin öyrənilməsi ilə bağlı azərbaycanlı və erməni həmvətənlərimizlə dəfələrlə danışmışıq:

“Onlardan hər biri dövlətin bu istiqamətdə atacağı konkret addımlara hazırdır. Biz bu məqsədə çatmaq üçün lazım olan bütün alətləri yaratmalıyıq. Etnik azlıqların təhsilə və keyfiyyətli tibbi xidmətə əlçatanlığı, onların sosial-iqtisadi layihələr və ölkənin siyasi həyatında daha fəal iştirakı güclü gələcəyimiz üçün möhkəm təminat olacaq”.

ReAL Partiyasının icraçı katibi Natiq Cəfərli bu barədə fikirlərini “Sherg.az”la bölüşdü: 

“Məlum olduğu kimi, Gürcüstanda proporsional seçki üsulundan istifadə edilir. Bu isə o deməkdir ki, bir faiz səs də çox önəmlidir. Gürcüstan seçicilərinin 10-15 faizi azərbaycanlılar yaşayan bölgədədir. Ona görə də hər partiya daha çox azərbaycanlını cəlb etmək istəyir. Ümumiyyətlə, son vaxtlar Gürcüstandakı azərbaycanlıların yerli dili öyrənməsi onların siyasətə əvvəlkinə nisbətən daha maraqlı olduqlarını göstərir. Hərçənd əvvəllər ermənilər daha fəal idilər. Fikrimcə, baş verənlər iki dövlət arasında inteqrasiyanı bir az da möhkəmləndirəcək”.