Ermənistanın Baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Hazırlıqlar Baş İdarəsinin Döyüş Hazırlığı Şöbəsinin rəisi general-mayor Valerik Koçaryanın vəzifədən azad edilməsi ilə bağlı Prezident Armen Sarkisyana təqdimat göndərib. Bunu ölkənin Konstitusiya Məhkəməsi aparatının keçmiş rəhbəri Edqar Kazryan feysbuk səhifəsində yazıb.Onun sözlərinə görə, V.Koçaryan 2021-ci il fevralın 21-də N.Paşinyanın başçılıq etdiyi hökumətin istefasını tələb edən yüksək vəzifəli hərbçilərdən biridir.
E.Kazryan bildirib ki, A.Sarqsyan 2021-ci il mayın 4-də Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini general-leytenant Karen Abramyanı, iyunun 24-də Hava Hücumundan Müdafiə Qoşunları İdarəsinin rəisi Armen Vardanyanı, Silahlı Qüvvələrin Mühəndis Qoşunları İdarəsinin rəisi general-mayor İşxan Matosyanı, iyulun 7-də isə general-mayor 3-cü ordu korpusunun komandanı Qriqori Xaçaturovu (KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturovun oğlu) Nikol Paşinyanın təqdimatı ilə işdən çıxarıb. E.Kazryan vurğulayıb ki, həmin generalların hamısı N.Paşinyanın istefasını tələb edən bəyanatı imzalamışdılar.
Politoloq Fikrət Sadıqov baş nazirin sözügedən addımını “Sherg.az”a şərh etdi:
“Əlbəttə, bu, gözlənilən idi. O, baş nazir təyin olunduqdan sonra rəqibləri ilə “haqq-hesab çürütməyə” başlayıb. Əslində Paşinyanın düzgün kadr siyasəti yoxdur. Vəzifəyə təyin etdiyi adamı bir həftə sonraya istefaya göndərir.
Çünki düşünülməmiş, məqsədsiz addımlar atır. Bu da onun təcrübəsiz siyasətçi olduğunu göstərir”.