İran İsraillə növbəti qarşıdurmaya hazırlaşır

Bu gedişat Vaşinqtonun Tehranla “nüvə sazişi” imzalamasını ləngidə bilər

İran-İsrail qarşıdurması Azərbaycanın maraqlarına cavab vermir

“İranla İsrail arasında dənizlərdə qeyri-rəsmi müharibə davam edir. İsrail İranı iyulun 30-da onun ticarət gəmisinə hücumda ittiham edib. Hücum pilotsuz uçuş aparatı ilə həyata keçirilib. Əslində hücuma məruz qalan “Mercer Street” adlı gəmi Liberiya bayrağı altında üzür və Yaponiyaya məxsusdur. Ancaq gəminin idarəetməsi İsrailin “Zodiac Maritime” şirkətinə məxsusdur. Bu, il başlayandan İsrail şirkətlərinə məxsus 5-ci gəmiyə hücum əməliyyatıdır”. 
Bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu feysbuk hesabında qeyd edib. Onun sözlərinə görə, Tehran ittihamları rədd edib. Ancaq o da məlumdur ki, İsrail İranın və Tehrana bağlı “Hizbullah” təşkilatının Suriyadakı mövqelərini zaman-zaman bombalayır:


"Digər tərəfdən İsrail İranın Suriyaya neft daşıyan tankerlərini də hədəf alır. Ümumiyyətlə, İsrail də İranın Suriyaya istiqamətlənən gəmilərini rahat buraxmır. Böyük ehtimalla Tehran İsrailə qarşı cavab aksiyası həyata keçirib. İsrail və ABŞ arasında mövcud durumla bağlı məsləhətləşmələr başlayıb. Yayılan xəbərlərə görə, Vaşinqton İsrailə İranın mövqelərinə qarşı hücum əməliyyatları həyata keçirməyə yaşıl işıq yandırıb”.

Politoloq qeyd edib ki, dəniz müharibəsi İranda mühafizəkar İbrahim Rəisinin hakimiyyətə gəldiyi dövrə təsadüf edib:

“Həsən Ruhanidən fərqli olaraq İbrahim Rəisi və İslam Keşikçilər Korpusu İsraillə mübarizədə sərt addımlar atmağa hazırdırlar. İranda bir neçə il ərzində nüvə alimlərinin qətlə yetirilməsində də İsrail izi axtarılır. Tehranda bunun intiqamı haqqında da düşünürlər. İran-İsrail qarşıdurmasının inkişafı beynəlxalq aləmə və bölgəyə yeni gərginlik vəd edir. Tehran bir tərəfdən yenidən böyük dövlətlərlə “nüvə sazişi” imzalamaq istəyir, digər tərəfdən İsraillə növbəti qarşıdurmaya hazırlaşır. Bu gedişat Vaşinqtonun Tehranla “nüvə sazişi” imzalamasını ləngidə bilər. Ağ Evin hazırkı sahibi Co Bayden Donald Trampdan fərqli olaraq nüvə anlaşmasına hazır görünürdü. Ancaq İranın İsrailə məxsus gəmiləri hədəf alarkən Bayden üçün Tehranla razılaşmaya hazır olması çətindir. Bayden daxili müxalifətin təzyiqi ilə üzləşəcək. Yeni Prezident İbrahim Rəisi seçim qarşısındadır. O ya “nüvə sazişinə” üstünlük verərək ölkəsinə qarşı iqtisadi sanksiyaların yumşaldılmasına çalışmalı, ya da İslam Keşikçiləri Korpusunun İsrailə qarşı “intiqam” əməliyyatlarına dəstək verərək nüvə anlaşmasını riskə atmalıdır”. 

E.Şahinoğlu hesab edir ki, İran-İsrail qarşıdurması Azərbaycanın maraqlarına cavab vermir:

“Bakı İranla və İsraillə tərəfdaşlığını davam etdirmək, hər iki ölkə ilə müxtəlif layihələr reallaşdırmaq istəyir. Rəsmi Bakı İsraildə ticarət və turizm nümayəndəliyi açıb. Bu nümayəndəliyin yaxın müddətdə Azərbaycanın həmin ölkədə səfirliyinə çevriləcəyi istisna deyil. Azərbaycan-İsrail münasibətlərinin üçüncü dövlətlərə qarşı yönəlmədiyi dəfələrlə vurğulansa da, bu əməkdaşlıq İranda fərqli reaksiyalar doğurur. Halbuki, bunun üçün əsas yoxdur”.