Yeni kadr təyinatları Rusiyanın ürəyincə deyil
Paşinyan strateji postları daha çox özünün inandığı və qərbyönlü insanlara tapşırır
Ermənistan Prezidenti Armen Sarkisyan ölkədə altı nazir və baş nazirin müavininin təyinatı ilə bağlı sərəncamlar imzalayıb. Baş nazirin müavini vəzifəsində Mger Qriqoryan qalıb. Əvvəlki hökumətdən Vaan Kerobyan iqtisadiyyat naziri, Anait Avanesyan səhiyyə naziri vəzifələrini saxlayıb. Sabiq ombudsman Karen Andreasyan ədliyyə naziri, sabiq iqtisadiyyat naziri Tiqran Xaçatryan isə maliyyə naziri təyin olunub. Qeyd edək ki, ötən gün A.Sarkisyan Nikol Paşinyanın baş nazir təyin olunması ilə bağlı sərəncam imzalamışdı. Eyni zamanda, Arşak Karapetyan müdafiə naziri təyin olunmuşdu.
Mövzu ilə bağlı politoloq Natiq Miri "Şərq"ə açıqlama verib. Onun sözlərinə görə, Paşinyan strateji postları daha çox özünün inandığı və qərbyönlü insanlara tapşırır. Nikolun vəzifə təyinatları məhz bilavasitə bunu göstərir:
"Təbii ki, bu vəzifə təyinatları Rusiyada o qədər də rəğbətlə qarşılanmır. Bu təyinatların daha çox qərbyönümlü olduğu və Nikol Paşinyan hökumətinin gələcək siyasətini müəyyən etdiyi bildirilir. Düşünürəm ki, bu məsələdə müəyyən mənada həqiqətlər mövcuddur. Çünki Ermənistan hökuməti ölkənin gələcək inkişaf perspektivini Rusiya ilə görmür. Sadəcə olaraq, Nikol Paşinyan Rusiyanı da özündən uzaqlaşdırmamaq üçün hələlik iki kresloda oturmağa cəhd edir. Çünki bu gün Ermənistanın sözün əsl mənasında təhlükəsizlik baxımından Rusiyaya ehtiyacı var. Çünki hazırda Rusiyanın Ermənistanda bir bazası mövcuddur. Dağılmış erməni ordusunu yenidən qurmaq, təşkilatlandırmaq və silahla təchiz etmək məsələsində onlara daha çox Rusiya yardım edə bilər. Ona görə də Paşinyan bu cür fürsətləri əldən verməmək və indiki həssas durumda Azərbaycandan qorunmaq üçün Rusiya amilindən istifadə edir. Düşünürəm ki, ən azından Ermənistan dövləti ayaqda duracaq səviyyədə güclənənə qədər məcburi qaydada özünü Rusiya yönlü kimi göstərəcək. Ancaq strateji baxımdan Nikol Paşinyan hökumətinin üzü qərbə yönəlikdir".
N.Miri deyib ki, Paşinyanın Azərbaycan-Ermənistan sərhədində baş verən atışmalar kontekstində də çox böyük geosiyasi hiyləsi var:
"Bu hiylə də əlbəttə ki, bilavasitə qərbdən dəstəklənir. Düşünürəm ki, bu, Nikol Paşinyan üçün o qədər də müsbət nəticələrə gətirib çıxarmayacaq. Düzdür, onlar Ermənistanı dəstəklədiklərini bəyan edirlər. Ancaq nə Fransa, nə Amerika, nə də Avropa Birliyinin ən güclü ölkələrinin əsgərləri heç biri gəlib Azərbaycan-Ermənistan sərhədində Azərbaycan əsgərinə qarşı döyüşməyə hazır deyil. Bunu unutmaq lazım deyil. Ən azından 2008-ci ildə Gürcüstan-Rusiya müharibəsi faktı ortadadır. Yəni heç bir ölkə gürcü əsgərinə görə Rusiyaya qarşı durmadı və duracaq da deyil. Həmçinin, Rusiyanın bu gün ciddi şəkildə Ermənistana təzyiq mexanizmləri durur.
Bilirsiniz ki, Ermənistanın bütün iqtisadi sahələri Rusiya şirkətlərinin monopoliyasındadır. Ermənistanın bu cür qərbyönümlü siyasəti və Azərbaycana qarşı bu cür aqressiv siyasəti düşünürəm ki, onun üçün faciəvi duruma gətirə bilər. Ona görə də yeni kadrların təyinatı məsələsinə qiymət verərkən əsas xarici siyasət prioritetlərini düşünmək və bu yöndə qiymət vermək lazımdır. Düşünürəm ki, bu məsələdə əgər strateji xətti düzgün müəyyən etməsə, Nikol Paşinyan çox ağır nəticələrlə üzləşəcək.
Əgər Ermənistan 10 noyabr və 11 yanvar sənədlərindən irəli gələn öhdəlikləri yerinə yetirməsə, Azərbaycan və Türkiyənin bütövlüyünü qəbul etməsə, düşünürəm ki, bu, istənilən akademik peşəkar səviyyədə kadrlar olsa belə Ermənistandakı heç bir sahədə mövcud olan böhranı həll etməyəcək. Ona görə ki, yaxın 28-ci il, yəni Qarabağın işğal olunduğu dövr bilavasitə təsdiq etdi ki, Rusiya, qonşu İran və s. kimi digər havadar dövlətlərin yardımına rəğmən Ermənistan hələ də inkişaf edə bilməyib. Çünki blokada şəklindədir və bütün qlobal layihələrdən kənarda qalıb. Ona görə də Azərbaycan və Türkiyə münasibətlər sistemi qurulmadan Ermənistandakı bu böhranı həll etmək mümkün olmayacaq".