“1780-ci ildən bu yana regionun və aparıcı Qərb dövlətlərinin yardımı ilə inkişaf etdirilən erməni coğrafiyasını üç dənizə qədər böyütmək planı təkcə Türkiyə və Azərbaycana qarşı deyil, eləcə də Aralıq, Qara və Xəzər dənizləri arasında yerləşən bütün xalqlara bəlalar gətirmişdi. İndi çətin ki, Allahın ermənilərə vermədiyi neft və geniş su hövzələri ideologiyasını hazırlayanların “Böyük Ermənistan” əsatirinə görə qurban gedən insanların sayı və maddi itkilərin dəqiq miqyasını hesablamaq mümkün olsun”.
Bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibələr üzrə ekspert Əziz Əlibəyli deyib.
O, daha ətraflı “Sherg.az”a danışıb:
“Lakin prezident İlham Əliyevin “dənizdən-dənizə planı” ideyaların, dəyərlərin, ticarətin, yüksək standartların, nəqliyyat və kommunikasiya qovşaqlarının qitələrarası miqyasda hərəkətə gətirilməsinin açarı oldu. Həmçinin Azərbaycanı Aralıq, Qara və Xəzər dənizləri arasında ən güclü məntəqəyə çevirdi, enerji resurlarını dövlətin maddi, mənəvi və ən sonda hərbi güc mənbəyinə çevirdi. Gerçəkdən də, heyrətamiz müdriklik və cəsarətlə üç dəniz əfsanəsinin həyata keçirilməsi 35-dən artıq dövlətin mənafelərinin birləşdirilməsi demək idi. Baxmayaraq ki, sərhəd ölkələrinin heç də hamısı oradan birbaşa pay götürmürdülər. Lakin Aralıq dənizi ətrafında 24, Qara dənizin sahilində 6, Xəzər yanında isə qərarlaşan 5 dövlətin üst-üstə 3.3 milyon kv. km-dən artıq su hövzələrini birləşdirməklə ortaq limanlar, ticarət, iqtisadiyyat, mədəniyyət, siyasət, bir sözlə, vahid tale birliyini yaratmış olurdular. Hesablamaq çətin deyil ki, burada bir araya gələn vahid ÜDM və əhali kütləsi nə qədərdir. Bakını daha böyük siyasi coğrafiyaların paytaxtı etmək siyasətinin tam mahiyyəti onda dərk olunur”.
Ə.Əlibəyli Azərbaycanın geosiyasi mövqeyinin əhəmiyyətini belə izah etdi:
“Axı Azərbayacana qarşı yürüdülən iki yüz illik müharibədə sözügedən ölkələrin heç biri bu qədər Abşeronun sürətlə dəyişən havasının sabitliyində maraqlı olmamışdı. Ermənilərdən fərqli olaraq, böyük Azərbaycan idealı və üç dənizə çıxmaq layihəsi torpaq işğallarını və özgə əraziləri tutmaq iddialarını nəzərdə tutmurdu. Əksinə, qitələr və regionlar arasında əməkdaşlıq platformasına çevrilərək dəyərləri və bilikləri, bacarıq və vərdişləri, fərqli mədəniyyət və ənənələri, ayrı din və məzhəbləri Bakı ətrafında birləşdirirdi. İrəvansa bu sivilizasiyadan kənarda qalırdı və “böyük” mifinin əvəzləndiyi “kiçik Ermənistan”a doğru sürətlə irəliləyirdi. Xəzər regionunun qlobal çəkisini artıran Azərbaycanın sonrakı illərdə nəinki Şərq-Qərb arasında enerji, eləcə də Cənub Qaz dəhlizi, daha sonra Bakı-Tiflis-Qars dəmir yolu xəttini, ardınca Şimal-Cənub nəqliyyat platformasını meydana gətirməsi təkcə müstəqilliyinə beynəlxalq təminatları gücləndirmədi. Eyni zamanda İkinci Qarabağ savaşına gedən yolun Baş Planını ərsəyə gətirdi. Təsadüfi deyil ki, növbəti ildönümünü yaşadığımız 2008-ci ilin 5 günlük avqust müharibəsi zamanı Gürcüstanı Rusiyanın tankları qarşısında xilas edənlərdən biri də yenə prezident İlham Əliyev oldu”.